“Şamaxı”nın baş məşqçisi Ayxan Abbasovun futbolinfo.az saytına müsahibəsi
– Hazırlıq prosesi necə gedir? Komanda mövsümün ikinci yarısına istədiyiniz kimi hazırlaşa bilir?
– Yanvarın 2-dən məşqlərə başlamışıq. Düzdür, legionerlərimiz iki gün sonra hazırlıq prosesinə qoşuldular. Artıq bir neçə gündür ki, tam komanda şəklində bir yerdəyik. Məşqlərədək iki həftə fasilə vermişdik. Ağır iki dövrə keçirmişdik, buna görə də futbolçularda istər-istəməz fiziki və psixoloji yorğunluq yaranmışdı. Bu mənada istirahət yerinə düşdü. İndi komanda üzvlərinə formalarını tam bərpa etmək üçün məşqlər lazımdır. İnşallah, çempionatdakı fasilədən səmərəli istifadə edəcəyik.
– Bugünədək rəsmiləşən qış transferləri ilə bağlı nə deyə bilərsiniz?
– Bilirsiniz ki, komandadan ayrılan futbolçular çox oldu. Onların yerini doldurmalıydıq. Ümumən güclənmək istəyirdik. Çempionat gedə-gedə bəzi futbolçularla danışırdıq, onları komandamıza dəvət edirdik. Təəssüf ki, bəzilərinin gəlişi alınmadı, bəzilərindən isə hələ də cavab gözləyirik. Cəlal Hüseynovu komandamızda görmək istəyirdik və onu heyətimizə qata bildik. Perspektivli futbolçudur, milliyə namizəddir, üstəlik, “Şamaxı”nı yaxşı tanıyır. İnanıram ki, gücümüzə güc qatacaq. Murad Vəliyev U-21-in futbolçusu idi, onu izləmişdim. Azərbaycan Premyer Liqasında debüt etmək onun üçün maraqlı olacaq və inkişafına şərait yaradacaq. Əlbəttə ki, üzərində çox çalışmalıdır. Vüsal Məsimovu əvvəldən tanıyırdım, “Turan Tovuz”da bir yerdə çalışmışıq. Biz hər mövqedə rəqabətin artmasını istəyirik. Vüsal da bu rəqabətdə olacaq və inanıram ki, bizə köməyi dəyəcək. Bundan əlavə, legionerlərlə də danışıqlar aparırıq. Rumıniyadan Andrey Tirkovianu ilə demək olar ki, ortaq məxrəcə gəlmişik. Artıq Bakıdadır, tibbi müayinədən də keçib. Bizim onun kimi oyun üslubu olan futbolçuya ehtiyacımız var idi.
– Bu qış başqa transferlər də olacaqmı? Bundan sonra hansı mövqeləri gücləndirməyə ehtiyac duyursunuz?
– Bundan sonra da 1-2 transfer planlaşdırırıq. İnşallah, yaxın günlərdə transfer işlərini bitirərik. Hər mövqeni gücləndirməyə çalışırıq. Çünki boşluqlar var. Yeni oyunçular gətirməklə həmin boşluqları aradan qaldırmaq istəyirik.
– Mövsümün ikinci yarısında “Şamaxı”dan nə gözləyək? Sezonun ikinci hissəsində hədəfiniz nə olacaq?
– Hədəfimiz dəyişməyib: Premyer Liqada möhkəmlənmək, elitada yerimizi qorumaq, oyundan-oyuna artırmaq, hər rəqibə qarşı mübarizə aparmaq. Həmişə istəmişəm ki, futbolçular öz oyunları ilə inkişaf etsinlər. Bu yöndə də davam edəcəyik.
FƏRİD