“Neftçi” daha bir legioneri ilə vidalaşa bilər. Bir il öncə Plovdiv “Lokomotiv”indən transfer edilən Alfa Konte bakılıların baş məşqçisi Samir Abasovun planlarına daxil deyil.
Futbolinfo.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi klubda qalmaq istəyir. 2027-ci ilin yayınadək müqaviləsi olan syerra-leoneli daha yaxşı təklif almadığı üçün anlaşmaya qarşılıqlı razılıqla xitam vermir.
“Neftçi” isə yeni oyunçuların transferi üçün heyətdə yer açmalıdır. Bu baxımdan məşqçinin oyun sxeminə uyğun bilmədiyi futbolçuların yola salınması şərtdir. Paytaxt klubu Konte üçün də bir variant fikirləşib. Belə ki, onun “Kəpəz”ə icarəyə göndərilməsi məsələsi razılaşdırılır. Gəncəlilər Alfaya 7 min dollar maaş verməyə razıdır. “Neftçi”də bunun iki mislini qazanan futbolçunu razı salmaq üçün paytaxt təmsilçisi də çalışır. Ola bilsin ona iki aylıq maaşı bakılılar tərəfindən tam ödənilsin. “Kəpəz”də icarə müddəti başa çatdıqdan sonra isə Konte yenidən kluba qayıdacaq.