“Kəpəz”in kapitanı Yeqor Xvalkonun futbolinfo.az saytına müsahibəsi
– Mövsümün ikinci hissəsinə hazırlıq prosesi necə keçir?
– Hər şey qaydasındadır. Plan üzrə işləyirik. Gündə 2 dəfə məşq edirik. “Qarabağ”la yoxlama matçı keçirəcəyik.
– “Kəpəz”in əsas heyət üzvlərindən olan Orxan Əliyev bundan sonra karyerasını “Turan Tovuz”da davam etdirəcək. Onun gedişi komandanıza oyununa necə təsir edəcək?
– Orxan yaxşı futbolçudur. Hər oyunçu öz karyerası ilə bağlı qərar vermək hüququna sahibdir. Ona yeni komandasında uğurlar arzulayıram. O ki qaldı gedişinin bizə necə təsir edəcəyinə, “Kəpəz”də Orxanı əvəzləyə biləcək başqa futbolçular da var. Odur ki, heç bir problem yaşamayacağımızı düşünürəm.
– “Kəpəz”in qışaqədərki çıxışını necə qiymətləndirirsiniz? Çempionatda daha çox xal toplaya bilərdinizmi?
– Bəli, daha çox xal toplamaq olardı. Amma bu, ən uğursuz yarım mövsümümüz deyil.
– Komandanız Misli Premyer Liqasının ilk yarısında 18 oyuna hamıdan çox – 41 qol buraxıb. Bu, “Kəpəz”in əsas problemininin qapı və müdafiə xətti ilə bağlı olduğunu göstərir?
– Səthi yanaşsaq, belə görünür. Amma dərinə getsək, ilk 6-7 turda rəqib qapısı önündə təhlükəli epizod, qol şansı yarada bilmədik, 80 faiz müdafiə olunduq. Bunu etmək isə çox çətindir.
– Qış fasiləsindən sonra çempionatda ilk sınağınız əzəli rəqibiniz “Turan Tovuz”a qarşı olacaq. Bu görüşdən gözləntiniz nədir?
– 8-ci pilləyə yaxınlaşmaq üçün bizə qələbələr lazımdır. Addım-addım irəliləmək istəyirik. İndiki məqamda əsas məsələ keyfiyyətli iş görmək, yaxşı hazırlaşmaqdır. Bunu bacarsaq, bəhrəsini görəcəyik.
– Çempionatda bu mövsüm keçirdiyiniz hər iki oyunda “Turan Tovuz”a məğlub olmusunuz. Tovuz təmsilçisi ilə oyununuz niyə alınmır?
– İlk görüşdə pis oynamışdıq. Həmin vaxt rəqabətli heyətə sahib deyildik. İkinci matçda isə çox yaxşı təsir bağışlamışdıq. Həmin oyunun sonunda bəxt “Turan Tovuz”un üzünə gülmüşdü.
– Çempionatın ikinci hissəsində “Kəpəz”in əsas hədəfi nə olacaq: hazırkı mövqeyinizi qoruyaraq Premyer Liqada qalmaq uğrunda mübarizə aparmaq, yoxsa turnir cədvəlində daha yuxarı pillələrə qalxmağa cəhd etmək?
– Təbii ki, yuxarı pillələrə yüksəlmək istəyirik. Əsas odur ki, hazırda yaxşı kollektivə sahibik. Bunun hesabına cari mövsümdə qarşımıza qoyulan tapşırığın öhdəsindən gələ biləcəyimizi düşünürəm.
FƏRİD