2011-2014-cü illərdə “Xəzər Lənkəran”ın formasını geyinmiş Adrian Pitin futbolinfo.az saytına müsahibəsi

– Azərbaycan çempionatının ilk yarısını “Qarabağ” birinci pillədə bitirdi. Halbuki bəziləri Ağdam klubunun paralel olaraq avrokuboklarda çıxış etdiyini və qitə yarışında yeni formatla əlaqədar oyun sayının artdığını əsas gətirərək, “köhlən atlılar”ın çoxlu xal itkisi ilə üzləşəcəklərini düşünürdülər…

– Mən “Qarabağ”ın qış çempionluğunu adi qarşıladım. Çünki bu komandanın yaxşı futbolçulardan qurulmuş güclü heyəti var. Avrokuboklarda matç sayının artmasına gəlincə, nə qədər çox oyun keçirsən, bir o qədər yaxşı formada olarsan.

– Hazırda ikinci pillədə qərarlaşan “Araz-Naxçıvan” və üçüncü yerdə olan “Turan Tovuz” sezonun qalan hissəsində “Qarabağ”a problem yarada bilər?

– “Qarabağ”la çempionluq mübarizəsi aparmaq, liderlə döyüşmək onlar üçün çətin olacaq. Ancaq futbolda mümkünsüz heç nə yoxdur. Riyazi cəhətdən mümkündürsə, deməli, hər iki komanda mövsümün sonunadək əlindən gələni əsirgəməyəcək.

– Avrokubokların yeni formatı “Qarabağ” üçün heç də düşərli olmadı. Təmsilçimizin Avropa Liqasının Liqa mərhələsindəki uğursuz çıxışını nə ilə əlaqələndirirsiniz?

– “Qarabağ”ın Liqa mərhələsindəki bir neçə oyununa baxmışam. İzlədiyim görüşlərdə pis təsir bağışlamayıblar. Sadəcə, hər matçda xeyli sayda qol şansını qaçırırlar. Əvəzində rəqiblər əllərinə düşən imkanlardan lazımınca yararlanırlar. Futbolda belə hallar da olur. Onu deməliyəm ki, azərbaycanlılar “Qarabağ”la fəxr etməlidirlər.

– “Qarabağ” Liqa mərhələsindəki növbəti oyununu yanvarın 23-də Bakıda Rumıniyanın FCSB klubuna qarşı keçirəcək. Bu görüşün favoriti qismində təmsilçimizi görürsünüz, yoxsa həmyerlilərinizi?

– Əminəm ki, çox maraqlı və baxımlı oyun izləyəcəyik. Hər iki komanda əla futbol sərgiləməyə qadirdir. FCSB indiyədək avrokubokda daha yaxşı nəticələr əldə edib. Amma bu, hələ heç nə demək deyil. Mənə görə şanslar 50/50-dir.

– “Qarabağ”ın heyətində ən çox hansı futbolçuların oyununu bəyənirsiniz?

– Hamısı yaxşı futbolçulardır. Ancaq 3 oyunçunu xüsusi qeyd edərdim: Juninyo, Almeyda və Zubir.

– Siz “Xəzər Lənkəran”da oynadığınız dövrdə “Neftçi” ilə gərgin matçların iştirakçısı olmusunuz. Hazırkı “Neftçi” ilə bağlı fikirləriniz də maraqlıdır. “Ağ-qaralar”ın 8-ci pillədə qərarlaşmasını necə şərh edirsiniz?

– Turnir cədvəlinə baxdım və “Neftçi”nin bu mövsüm cəmi 17 xal topladığını gördüm. Onlara görə heyfslənirəm. “Neftçi” o mövqedə olmağa layiq komanda deyil. Məncə, cari mövsümdəki uğursuz çıxışları qısa müddət ərzində çoxlu məşqçi və oyunçu dəyişmələri ilə əlaqədardır.

AĞA

Shares: