“Qarabağ”ın UEFA Avropa Liqasının növbəti turundakı rəqibi FCSB heyətinə yeni oyunçu cəlb edib. Rumıniyanın digər təmsilçisi “Petrolul”un qapıçısı Lukas Zima Buxarest klubu ilə müqavilə imzalayıb.

Çexiyalı qolkiper ölkəsinin mətbuatına açıqlamasında keçidi dəyərləndirib. 30 yaşlı futbolçu seçimində komandanın avrokuboklarda iştirakının həlledici rol oynadığını bildirib: “FCSB-dən təklif gələndə çox düşünməyə ehtiyac olmadı. Çempionluq uğrunda mübarizə aparmaq və Avropa Liqasında oynamaq ehtirası mənim üçün inanılmaz dərəcədə cazibədar idi. Klubun uzun müddət idi mənimlə maraqlandığını eşitmişdim. Çempionlar Liqasına iddia edən böyük klubdur. Komandamın qarşıda Avropa Liqasında iki oyunu var. “Qarabağ” və “Mançester Yunayted”lə görüşlərdə kollektivə kömək etməyə hazıram. İnanıram ki, turnirdəki uğurlu çıxışı bu iki matçda da davam etdirəcəyik”.

Qeyd edək ki, “Qarabağ”la FCSB arasında oyun yanvarın 23-də Bakıda keçiriləcək.

Shares: