“Neftçi”nin sabiq kapitanı İqor Mitreski komandanın hazırkı durumunu dəyərləndirib.
Şimali Makedoniyalı keçmiş müdafiəçi futbolinfo.aaz saytına açıqlamasında paytaxt klubunun cari mövsüm Misli Premyer Liqasındakı nəticələrinə münasibət bildirib.
45 yaşlı mütəxəssis komandanın turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmasına üzüldüyünü söyləyib: “Neftçi”nin qış fasiləsinə 8-ci pillədə yollanması bir azarkeş kimi məni çox məyus edir. Ümumiyyətlə, artıq uzun müddətdir klubun vəziyyəti yaxşı görünmür. Ən azı nəticələr belə deməyə əsas verir. Tez-tez baş məşqçi və futbolçu dəyişiklikləri komandanı bu duruma salıb. “Neftçi”də stabillik yoxdur. Səbəbini isə rəhbərlik daha yaxşı bilər. Hər halda onlar işin içində olan insanlardır. Amma kənardan görünən odur ki, seleksiya işləri düzgün aparılmır”.
Mitreski çıxış yolunu da göstərib. Onun fikrincə, uğurlu seleksiya işi ilə “Neftçi” əvvəlki əzəmətini qaytara bilər: “Çıxış yolu çox sadədir. İlk növbədə bu klubun formasını geyinməyə layiq futbolçular cəlb edilməli və onlara uzun müddət şans verilməlidir. Daha hər transfer dönəmində dəyişikliklər etmək uğur gətirməz. Bu mövsümü qurban verib gələcək üçün güclü heyət formalaşdıra bilərlər. Hazırkı qış fasiləsi də bu baxımdan şansdır”.
Qeyd edək ki, Mitreski 2010-2014-cü illərdə “Neftçi”nin formasını geyinib, 3 qat Azərbaycan çempionluğunu qazanıb.