“Baş məşqçi ilə söhbətimiz məndə müsbət fikir yaratdı və həmin an bu komandada oynamaq qərarını verdim”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Qaradağ Lökbatan”ın yeni transferi Nurlan Novruzov deyib.
31 yaşlı hücumçu gözləntiləri doğrultmaq üçün əlindən gələni edəcəyini söyləyib: “Komandanın baş məşqçisi Amit Quluzadə ilə bir komandada oynadığım üçün onu yaxşı tanıyıram və meydanda məndən nə istədiyini bilirəm. Buna görə də “Hypers Guba” ilə müqaviləyə xitam verərək, “Qaradağ Lökbatan”a keçdim. Sadıq Sadıqovun komandası həmişə liderliyə oynamaqla seçilib. Yeni sezonda da eyni iddiası olduğu üçün buradayam. Məndən gözləntilərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Komandaya xeyir verəcək hər şeyi edəcəm”.
Novruzov yeni sezondan Premyer Liqa uğrunda mübarizə aparacaqlarını bildirib: “Gənc oyunçulara nümunəyik deyə daha ehtiyatla davranmalıyam ki, bizdən pis deyil, yaxşı mənada örnək götürsünlər. Gənclərlə ünsiyyətim həmişə çox gözəl olur, onlar bizim gələcəyimizdir. Onlarla birlikdə daha yaxşısını etməyə çalışacağıq. Əsas məqsədimiz maksimum xal toplamaq, yerimizi yaxşılaşdırıb, yeni sezona çempionluq məqsədimiz olduğunu hiss etdirməkdir. I Liqada rəqabətin yüksək olduğuna əminəm. İnşallah, komanda yenə öz iddiasına qayıdacaq. Yeni sezonda Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparacağımıza əmin ola bilərsiniz. Çünki komandada bu potensial artıqlamasıyla var”.
GÜNAY SÜLEYMANOVA