Sabiq baş katib, günahları üzündən Azərbaycandan qaçıb Fransaya sığınan Elxan Məmmədovun məhv etdiyi Azərbaycan futbolunun ruhuna and olsun ki, yeganə problem legioner limiti deyil. Hətta əcnəbilərin sayı ümumiyyətlə, problem sayılmamalıdır.

Dünya futbolunda bununla bağlı müxtəlif variasiyalar olub, olur, olacaq. Futbolun inkişafına, çempionatdakı rəqabətə, yığmanın gücünə hansısa limit təsir etmir. Vəziyyətə uyğun olaraq təbii şərait dəyişir, uyğunlaşma gedir. Limit ləğv olunanda yerli oyunçular zəif komandalara və ya ölkə xaricinə qaçır.

Amma oyunçunun ümumi səviyyəsi yetərsizdisə, heç kim qitənin ən yaxşılarının düşərgəsinə yollanmayacaq, Türkiyənin aşağı liqalarında sürünəcək. Yəni, oyunçuları legioner həyatı yaşamağa məcbur etmək boş söhbətdir. “Nürnberq”in baş məşqçisi Miroslav Klozenin ən uğurlu legionerimiz olan Mahr Emreli haqda dediklərinə diqqət yetirmək kifayətdir. O, sətiraltı mənayla Azərbaycanda futbolçulara uşaq vaxtında öyrədilməli olan şeyləri indi həmyerlimizə izah etdiyini bildirir. Deməli, problem uşaq futbolundakı səhvlərdədir, limitdə yox.

Heç limitin ləğvi Premyer Liqada səviyyənin qalxmasına da kömək etməyəcək. Eyni təcrübədən yararlanan Rusiya və Türkiyədə çempionatın səviyyəsi əvvəlkindən yaxşı deyil, əksinə, zəifləmə var.

Bunu “Qarabağ”ın zəiflədilməsinə hesablanan mənfur plan da saymaq olmaz. Bəlkə də niyyət var, lakin bacarmazlar. Başqaları 10 əcnəbi gətirsə, ağdamlılar bunun iki qatını edəcək, həm də ən səviyyəlilərini gətirəcək. Digərlərindən fərqli olaraq, “Qarabağ”da uğur formulu, zəngin təcrübə, oturuşmuş sistem var. Rəqabətin artmasını arzulayan klublar bunu diqqət yetirsn, özünü nizama salsın, ölkə futbolunu qarışdırmasın.

Limitlə bağlı oyunlar adətən yalnız cibini düşünən menecerlərin, klubların menecer-prezidentlərinin işinə yarayır. Klubların illərdir hətta limit tətbiq olunduğu halda hansı hoqqalardan çıxdığına baxmaqla bunu görmək olar. 6 aylıq, 1 illik əcnəbilər yüzlərlədir və onlar nə inkişafa, nə rəqabətin yüksəlməsinə şərait yaratmayıb. Limit ləğv olunsa, yenə eyni şeylər olacaq, sadəcə, işbazlar daha çox qazanacaq, azərbaycanlılara oradan düşən pay daha da azalacaq.

Limit məsələsi ictimai müzakirəyə çıxmışkən, müəyyən şərtlər olmalıdır. Rüsum, yerliləri oynadanlara verilən bonuslar və s. öz yerində, əsas məsələ dövlətin ayırdığı yardımla bağlıdır. AFFA xətti ilə klublara hər il 3 milyon manat ayrılır. Klublar limitin dəyişməsinə bu qədər həvəslidirsə, bu məsələdə də qadağalar lazımdır. Dövlət məmurları, bu məsələyə cavabdeh şəxslər ayrılan yardımın əcnəbilərə xərclənməsinə də limit qoymalıdır. Kim daha çox legioner almaq istəyirsə, zəhmət olmasa cibindən xərcləsin, sponsorunu xərcə salsın. Azərbaycanda futbola sosial layihə kimi baxılırsa, qoy həmin vəsait ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına, konkret bu mövzuda yerli gənclərin yetişdirilməsinə sərf olunsun.

Təbi ki, limit məsələsinin də müzakirəsinə ehtiyac var. Amma bu gün ən vacib məqam bu deyil. İndi əsas məsələ ölkə futbolunun inkişaf yollarının tapılmasıdır. AFFA-nın yeni rəhbərliyi aylardır vəd etdiyi strategiyanı ictimai müzakirəyə çıxarmalı, tətbiqi üçün çalışmalıdır. İndi limitlə bağlı müzakirələr fikir yayındırmaq vasitəsidir, həqiqi inkişafı istəməyənlərin oyunudur. Hədəf strategiyanın müəyyənləşməsi, infrastrukturun qurulması, uşaq-gənclər futbolunun sistemə salınması, ölkə futbolunda səliqə yaradılması olmalıdır. Limitin ləğv edilməsi isə xaosa, narazılıqların artmasına, Elxan Məmmədovun istədiyi qarışıqlığın yaranmasına yol açır. Bəlkə elə bunu edənlər də AFFA-nın uğursuz keçmiş rəhbərliyinin maraqlarına xidmət edir? Axı, onlar özünü azərbaycanlıların düşməni kimi tanıtmışdı…

VÜSAL MAHMUDOV

Shares: