“Səbail” klubunun ukraynalı müdafiəçisi Dmitro Litvinin futbolinfo.az saytına müsahibəsi

– Söhbətə komandanızın hazırlıq prosesindən başlayaq. “Səbail” mövsümün ikinci yarısına tam hazırdır?

– Hazırlığımız klubun bazasında davam edir. Fiziki cəhətdən gücləndik, çoxlu taktiki məşqlər etdik. Komandamızın mövsümün ikinci hissəsinə hazır olduğunu düşünürəm. Onsuz da uzunmüddətli tətil olmadı. Buna görə də fiziki cəhətdən özümüzü normal hiss edirik. Əsas odur ki, məşqçilər korpusunun bizdən nə cür oyun tələb etdiyini və meydanda nə etməli olduğumuzu yaxşı başa düşürük.

– “Səbail”in fasiləyəqədərki çıxışından yəqin ki, narazısınız. Komandanız hansı səbəblərə görə hazırda turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb?

– Çempionatın ilk hissəsi bizim üçün uğursuz alındı, bunu turnir cədvəlindən də görmək olar. Düşünürəm ki, turnir cədvəlində olmalı olduğumuz yerdə deyilik. Buna müxtəlif amillər təsir etdi. Artıq mövsümün ilk yarısını unutmalıyıq. Dincəldikdən sonra yeni güclə özümüzə məxsus olanı geri alacağıq. Mən buna inanıram və əminəm.

– Cavid Hüseynovun gəlişindən sonra “Səbail”də oyun planında hansı dəyişikliklər var? Hüseynovla birgə çalışmaq sizin üçün rahatdır?

– Taktiki aspektə çox vaxt ayrılır. Məşqçilər korpusunun maraqlı fikirləri var. Bəli, Cavid Hüseynovla birgə işləmək mənim üçün rahatdır.

– Qış fasiləsi bitdikdən sonra çempionatda ilk oyununuz səfərdə “Sumqayıt”da qarşı olacaq. Bu görüşdən hansı nəticəni gözləyirsiniz?

– Qələbə gözləyirəm. Digər oyunlara da eyni cür yanaşıram. Odur ki, “Sumqayıt”la matçda məqsədimiz qələbə qazanmaq olacaq. Bunu bacaracaq gücdəyik.

– Mövsümün ikinci hissəsi ilə bağlı nə kimi planlarınız var? “Səbail” sonuncu yerdən qurtulmaq üçün nələr etməlidir?

– Əsas plan Premyer Liqadakı yerimizi qoruyub saxlamaqdır. Xüsusilə əsas rəqiblərlə oyunlarda mümkün qədər çox xal toplamaq lazımdır. Bərabər səviyyədə keçən matçlarda uşaq səhvlərinə yol verməməliyik. Sonuncu yerdən qurtulmaq üçün hər oyunda konsentrasiya və fədakarlıq maksimum səviyyədə olmalıdır.

– Azərbaycan çempionatı haqda da fikrinizi bilmək maraqlı olardı. Misli Premyer Liqasının səviyyəsi sizi qane edirmi?

– Maraqlı çempionatdır. Hər komandanın fərdi baxımdan güclü oyunçuları var. Komandalar bir-birilərinə fərqli üslub və taktikalar tətbiq edirlər. Bu isə rəqabəti artırır. Ancaq hesab edirəm ki, çempionatın səviyyəsi daha da yüksəlməlidir. Daha ciddi rəqabətin olmasını, “Qarabağ” və digər klubların Avropa arenasında daim uğurla çıxış etməsini istəyirəm. Bu halda, insanlar futboldan daha çox həzz alacaqlar. Yerli publika futbol bayramlarına layiqdir.

FƏRİD

Shares: