Böyük Dəbilqə turnirlərindən biri də Avstraliyanın Açıq Çempionatıdır. Yarış hər il Avstraliyanın Melburn şəhərinin “Melburn Park” ərazisində təşkil olunur.

Turnir 1905-ci ildə yaradılıb. Yarışın keçirildiyi arenalardan ikisi daha məşhurdur. 2 nömrəli kort adlanan “Marqaret Kort Arena” dəfələrlə “Böyük Dəbilqə” turnirlərinin qalibi, avstraliyalı qadın tennisçi Marqaret Kortun adını daşıyır. Mərkəzi kort isə daha bir əfsanəvi avstraliyalı tennisçi, 2 dəfə (1962 və 1969) mövsüm ərzində təşkil olunan bütün dəbilqə turnirlərinin qalibi olan Rod Leverin şərəfinə adlandırılıb. Hər il final oyunu Rod Lever arenasında təşkil olunur.

Sərt və sürətli kortlar kimi tanınan Avstraliyanın tennis meydanları bir çox tarixi və unudulmaz finalların keçirildiyi məkana çevrilib. Bunlara 2009-cu il Nadal – Federer, 2012-ci il Cokoviç – Nadal, 2017-ci il Federer – Nadal, 2022-ci il Nadal – Medvedev və 2024-cü il Sinner – Medvedev finallarını misal göstərmək olar.

Ötən ilin final oyunlarında, kişilərin mübarizəsində italiyalı Yannik Sinner rusiyalı Daniil Medvedevi 5 setdə (3-6, 3-6, 6-4, 6-4, 6-3) məğlub edərək, turnirin qalibi adını qazanıb. Qadınların turnirində isə belaruslu Arina Sabalenka çinli Zenq Qinveni 2 setdə (6-3, 6-2) məğlub edərək, ardıcıl 2-ci dəfə kuboku başı üzərinə qaldırıb. Qeyd edək ki, Sabalenka 2013-cü ildən bəri ardıcıl 2 dəfə turnirin qalibi olan ilk qadın tennisçidir.

Ənənəvi olaraq hər il keçirilən turnir azarkeşlərin böyük marağına səbəb olur. Bu il təşkil olunacaq turnirdə də həm kişi, həm də qadınların yarışında dünyanın ən güclü raketka ustaları mübarizə aparacaq.

Kişilərin yarışında əsas favorit turnirin 10 qat qalibi serbiyalı Novak Cokoviçdir. Dünya reytinqinə başçılıq edən və ötən il keçirilən yarışın qalibi olan italiyalı Yannik Sinner də favoritlər sırasındadır. Ötən il “Roland Qarros” və “Uimbldon” turnirlərinin qalibi olan ispaniyalı Karlos Alkaras da favorit sayılır. Dünya reytinqində 5-ci pillədə qərarlaşan və 3 dəfə (2021, 2022, 2024) turnirin finalında mübarizə aparan rusiyalı Daniil Medvedevin də şansları yüksək qiymətləndirilir.

Qadınların mübarizəsində isə turnirin son 2 mövsümünün qalibi və dünya reytinqinə başçılıq edən belaruslu Arina Sabalenka əsas favorit hesab olunur. Turnirin digər favoriti 5 dəfə “Böyük Dəbilqə” turnirlərinin qalibi, dünya reytinqində 2-ci pillədə olan Polşalı İqa Şvontekdir. Digər favoritlərə gəlincə isə, “Böyük Dəbilqə” turnirlərində 1 dəfə qalib olan Amerikalı Koko Qof və 2023-cü ildə burada finalçı olan Qazaxıstanlı Yelena Rıbakinanı qeyd etmək olar.

Turnirin püşünə əsasən Novak Cokoviçin daha çətin hissəyə düşdüyünü görmək mümkündür. Yarışların 10 qat qalibi ¼ finalda Karlos Alkarasla qarşılaşa bilər. Dünya reytinqinin lideri Yannik Sinner isə daha yüngül yolla gedə biləcək. Onun finala qədər yolunda nə Cokoviç, nə Alkaras, nə də hazırda reytinqdə ikinci olan Zverev görünməyəcək.

Əlavə edək ki, Avstraliya Açıq Çempionatı 12-26 Yanvar tarixlərində baş tutacaq.

AĞA

7ea4179d 4437 4fc8 af0f a9e42058e65f - Futbolinfo.az
Shares: