Bu baxımdan yaradılacaq Futbolun İnkişaf Mərkəzi ən önəmli struktura çevrilməlidir. Bura ən təcrübəli, ən bacarıqlı idarəçilər cəlb olunmalı, beyin mərkəzinə çevrilməlidir. Təkcə futbolçuların, məşqçilərin deyil, bu idman növündə təmsil olunan bütün kadrların hazırlığı Futbolu İnkişaf Mərkəzi tərəfindən istiqamətləndirilməli, nəzarət olunmalıdır. Strateji hədəflərə çatmaq üçün maliyyə kifayət deyil, insan amilini unutmaq olmaz və bu səbəbdən kadr hazırlığı ön sırada olmalıdır. Bu məsələdə müasir düşüncəli gənclərlə xidmətindən istifadə olunmamış veteranların vəhdətini yaratmaq, hamıdan faydalanmaq gərəkdir.
Bütün bunlar üçün öncə Futbolun İnkişaf Mərkəzinin proqramı yaradılmalı, hədəfləri dəqiqləşməlidir.
Regional və gənclər futbolunun inkişafı üçün layihədə bir sıra planlar var. Kağız üzərində qalmasa, həqiqətən əməli addımlar atılsa, bu, bütün ölkəni əhatə edəcək hərəkata çevrilə bilər. O zaman üzə çıxarılacaq istedadlarla daha səmərəli işlər görmək olar. Peşəkar yarış formatının təkmilləşdirilməsi, bütün bölgələrdə komandalar yaradılması futbolçu sayının təbii artımına, ən istedadlıların üzə çıxmasına kömək edəcək. Belədə rəqabət mühiti yaranacaq və inkişaf təmin olunacaq. Eyni zamanda istedadların püxtələşməsi, daha üst səviyyəyə keçidi üçün komleks işlər görülməli, onlarla işləyən məşqçilər də inkişafla ayaqlaşmalı, həmçinin infrastruktur təmin olunmalıdır.
Layihəni oxuyarkən bütün detalların nəzərə alındığını görürük. İş prosesində ortaya əlavə nüanslar çıxacaq və onlara da operativ şəkildə reaksiya vermək lazım gələcək. Ən əsası işə başlamaqdır. Gedişatda bütün məsələləri əsas hədəfə yönəltmək mümkündür. Elit akademiyaların yaradılması, bütün bölgələrin əhatə olunması asan iş deyil, yəqin ki, bunları mərhələli şəkildə reallaşdırmaq lazım gələcək. Amma proqram yekunlaşanda ortaya gözəl bir mənzərə çıxmalıdır.
Kadr potensialının artırılması məsələsində veteranlar unudulmamalı, əksinə, onlar ön planda tutulmalıdır. Çünki bu sahəni futbol oynamış insanlar qədər kimsə bilə bilməz. Lakin kiməsə təqaüd ayrılması, başqa cür diqqət ayrılması çıxış yolu deyil. Veteranlar müxtəlif kurslara, seminarlara cəlb olunmalı, yönəldiləcəkləri sahələrin incəlikləri öyrədilməli, sonra isə bundan hər iki tərəf faydalanmalıdı – veteranlar qazancla təmin olunmalı, əvəzində futbolun inkişafına töhfə verməlidilər. “Futbol üçün canını qoymuşlar” deyimi yaddan çıxarılmalıdır. Heç kim havayı futbol oynamayıb, hamı oynadığının əvəzini alıb. 10-15 il futbol oynamaq kimsəyə hamının ona ömürlük borclu olduğu düşüncəsi yaratmamalıdır. Hər dövrün öz reallığı var. İnkişaf üçün veteranlar da əlini daşın altına qoymalı, fayda verib qazanmalıdır, əli cibində tənqid edib qayğı gözləməməlidir.
AFFA kadr hazırlığı ilə bağlı məsələdə spesifik sahələrə xüsusi diqqət yetirməlidir. Məşqçi hazırlığı ümumi məfhumdur, amma tələbə uyğun davranmaqda fayda var. Bu gün heç bir klubumuzda fiziki hazırlıq üzrə məşqçi yerlilər deyil, hamı əcnəbi gətirib. Deməli, sırf fiziki hazırlıq üzrə məşqçilər hazırlanmalı, iş arzusunda olan veteranların bir qismi məhz bu istiqamətdə qayğı hiss etməlidir. Fitnes məşqçiləri, hətta inzibatçılar baxımından da çatımazlıq var.
Təəssüf ki, İnkişaf Strategiyasında ağrılı sahəmiz olan hakimlik unudulub. Halbuki bu baxımdan böyük ənənələrimiz var. Hakim hazırlığı, VAR texnologiyasının daha mükəmməl tətbiqi, yayımçı kanalın avadanlıqların zənginləşdirilməsi ilə sudan ucuz bəhanələrin kökü kəsilməlidir.
Kadr hazırlığında diqqət yetirilməli olan daha bir sahə tibbdir. Sırf idman həkimlərinin azlığı diqqət çəkir. Həm yeni kadrların hazırlığına diqqət yetirmək, həm də yığmalara, klublara xidmət göstərəcək ixtisaslaşmış tibbi mərkəzə ehtiyac var.
Klublarda idarəedici postlara təyin olunası kadrlar da azdır. İdman direktorları, icraçı direktorlar, mətbuat katibləri, menecerlər, seleksiyaçılar yetişdirməliyik.
(davamı olacaq)
VÜSAL MAHMUDOV