İnkişaf Strategiyası yaxşıdır, mükəmməl olmasa da, böyük işlər görmək üçün normal yol xəritəsidir. Lakin effekt almaq üçün layihənin maddi təminatı təmin olunmalıdır. Sənəddə bununla bağlı qeydlər var, lazımi maliyyənin tapılmasının yolları göstərilib.
Etiraf etməliyik ki, bu, sənədin “ən saxta” hissəsidir. Göstərilən maliyyələşmə yolları deyək ki, müəlliflərin təmsil olunduğu Belçikada keçərli ola bilər, bizdə isə vəziyyət başqadır. Oyun günü proqramı, bilet satışı, sponsor cəlb olunması – bütün bunlar yalnız plan-layihəni mükəmməl göstərmək üçün yazılmış məqamlardır.
Doğrudur, gələcəkdə arzuların reallaşması mümkündür. Onun üçün isə həqiqi inkişafa nail olmaq, inam yaratmaq, nəticələri yaxşılaşdırmaq lazımdır. Yalnız bundan sonra müəyyən məsələlər nəzərdə tutulduğu şəkildə maliyyələşə bilər. İndi isə bu qədər geniş miqyaslı layihənin həyata keçirilməsi üçün dövlət dəstəyinə, AFFA rəhbərliyinin sözü keçən şirkətlərin yardımına ehtiyac var.
Bu gün millinin formasının satışından gəlir götürmək mümkünsüzdü, uğursuz komandanın geyimi heç kim üçün pul xərcləməyə dəyəcək brend ola bilməz. Bütün bunlar zamanla, nəticələrin yaxşılaşması ilə, inam yaranması ilə mümkündür. Milli komanda özünü millətin komandası kimi göstərməyə başlayanda həqiqi sevgini də hiss edəcək.
Layihənin infrastukturla bağlı hissələrinə zamanla toxunacağıq. Tikilənlər gələcək üçün də qalacaq. İndi bölgələrdə mövcud olan, bu gün baxımsız hala düşən bir sıra arenalar var. Onlarla bağlı layihələr bitkin olmadığından bu vəziyyət yaranıb. Arenalar, bazalar inşa edilirsə, həmin ərazilərdə futbolun davamlı mövcudiyyəti üçün iş görülməlidir.
Bölgələrdə 8 regional mərkəzin tikilməsi ideyası layihənin ən möhtəşəm hissəsidir. Lakin məhz indi diqqətli olmaq, onlar üçün doğru məkanlar seçmək, futbolun sevilmə dərəcəsi, əhali sayı, əhatə arealı nəzərə alınaraq bazalar inşa olunmalıdır. Standartlıqdan qaçılmalı, bölgəyə uyğun addımlar atılmalıdır. Maliyyə üzündən işlərin mərhələli görüləcəyini nəzərə alsaq, ölkə futboluna daha çox istedad bəxş edən rayonlar analiz edilməli, onlar ilk cərgələrə salınmalıdır. Həmin mərkəzlər ən müasir standartlar cavab verməli, inşasına nəzarət edilməlidir. Ölkədə mövcud olan bir sıra olimpiya kompleksləri məhz nəzarətsizlik üzündən vaxtilə standartlara uyğun tikilməyib, bir çoxundan lazımi faydanı almaq olmur.
İnkişaf Strategiyası AGİN-in də boynuna məsuliyyətlər qoyur. Mövcud 65 UGİM-dən cəmi 5-nin normal meydançası olduğunu nəzərə alsaq, deməli, yerdə qalanlarla bağlı tədbirlər görülməlidir. Ya say azaldılmalı, ya da inkişafın təmin olunması üçün hamısı işlək hala gətirilməlidir.
Oxuduğunuz silsilə yazı İnkişaf Strategiyası ilə bağlı ilkin qeydlərimizdir. Rəsmi təsdiqini tapdıqdan sonra prosesləri daim izləyəcək, layihənin icrasına nəzarət etməyə çalışacağıq. Yenə illəri itirməyə ixtiyarımız yoxdur. Gec də olsa başlamaq vacibdir.
VÜSAL MAHMUDOV