“Yeni baş məşqçi Vasili Berezutski komandaya daha çox nizam-intizam və oyunun sürətlənməsini gətirdi. Sadəcə, bizə bir az vaxt lazımdır ki, onun istədiklərini meydanda tətbiq edək. Məqsədimiz mövsümü ən az 2-ci pillədə bitirməkdir”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında “Sabah”ın futbolçusu Coy Lens Mikels bildirib.
30 yaşlı hücumçu komandanın hazırlıq dövrü və qarşıdakı oyunlar barədə fikirlərini də bölüşüb: “Qış fasiləsində öz üzərimizdə çox çalışmışıq. İlk oyunumuz “Şamaxı” ilə yoldaşlıq görüşünə təsadüf etdi. Matçın yalnız bir hissəsində iştirak etdim, amma qarşıdakı oyunlar üçün tam hazıram. Hazırlıq prosesinin nə qədər faydalı olduğunu gələn tur “Neftçi”yə qarşı oyunda daha aydın görəcəyik. Məşqçinin istəklərini tam olaraq yerinə yetirmək üçün müəyyən vaxta ehtiyacımız olsa da, komanda olaraq maksimum nəticələr əldə edəcəyimizə əminəm”.
Lens “Şamaxı”da çıxış edən qardaşı Leroy Mikelsin onun üçün xüsusi önəm daşıdığını da vurğulayıb: “Mən onun böyük qardaşıyam. Aramızda ciddi rəqabət yoxdur. Əksinə, istəyərdim ki, o, məndən nümunə götürərək həmişə məndən daha yaxşı olsun. Amma təbii ki, mən də zirvədə qalmaq istəyirəm. Mövsümün ilk yarısını ümumilikdə uğurlu hesab edirəm. Ən əsası, liqanın bombardiriyəm. Bundan sonrakı oyunlarda da daha çox qol vurmağa və komandanın mümkün qədər çox qələbə qazanmasına çalışacağam”.
GÜNAY SÜLEYMANOVA