“Hazırlıqlarımız məşqçilərin planı üzrə keçir. Vaxt az olsa da, gündən-günə optimal formamızı yığmağa çalışırıq. Məşqlərdə istəklə çalışırıq, oyuna qədər daha yaxşı olacağıq”. Bunu futbolinfo.az saytına açıqlamasında “Zirə”nin kapitanı Qismət Alıyev deyib.

O, komandasının qış fasiləsindəki hazırlıqlarından danışıb: “Artıq iki ildir ki, hazırlığımızı burada keçirik, ölkə xaricinə çıxmırıq. Fikrimcə, bu, bizim üçün hansısa problem yaratmır. Hər şey öz qaydasındadır. “Qarabağ”la yoldaşlıq görüşü keçirdik. Hər iki komanda istəkli idi. Bizim üçün hesabın fərqi yox idi. Çünki meydanda istədiklərimizi etməyə çalışdıq. Bu oyun hər iki komandaya faydalı oldu”.

Alıyev mövsümün ikinci yarısı barədə isə bunları deyib: “Qarşıda bizi kubok və çempionat matçları gözləyir. Hər bir oyun vacibdir. Gözləntilərimiz odur ki, avrokuboklar zonasında qərarlaşaq, kubokun finalında iştirak edək. Bilirəm ki, çətin olacaq. Çünki rəqiblər də güclənir, transferlər edirlər. İkinci yarı bütün komandalar üçün ağır keçəcək”.

Kapitan Misli Premyer Liqasının 19-cu turunda “Araz-Naxçıvan”a qarşı keçirəcəkləri oyundan da söz açıb: “Rəqibin kimliyi bizim üçün fərq etmir. Hər oyuna necə hazırlaşırıqsa, hansı motivasiya ilə çıxırıqsa, bu dəfə də elə olacaq. Ola bilər ki, “Araz-Naxçıvan” ilk dövrədə inamı çıxış edib. Amma ikinci dövrə hər zaman fərqli keçir, çətin olur. Rəqiblər bir-birini daha yaxşı tanıyır. Artıq sonuncu yeri tutan komanda da çempionatı tərk edir. Ona görə aşağı pillələrdə olan komandalar da çalışır ki, xallar qazanıb yuxarı qalxsın. Bu səbəbdən də heç bir komanda rahat xal qazana bilmir. Bizim üçün əsas olan mövsümün ikinci yarısına yaxşı başlamaqdır”.

Shares: