“Sabah” klubunun qapıçısı Yusif İmanovun futbolinfo.az saytına müsahibəsi

– “Sabah” mövsümün ikinci yarısına tam hazırdır?

– Bu dəfə qış hazırlığı əvvəlki illərlə müqayisədə bir qədər qısa oldu. Komanda yanvarın 4-də bir araya gəldi. Bu müddət ərzində mövsümün ikinci yarısına tam hazır olmaq üçün maksimum hazırlıq keçdik. Toplanış müddətində bir yoxlama oyununda qüvvəmizi sınadıq. “Şamaxı” ilə görüşdə yaxşı təsir bağışladıq və qalib gəldik. Amma belə matçlarda nəticə o qədər də əsas deyil.

– Baş məşqçiniz Vasili Berezutski təlim-məşq toplanışında daha çox hansı məqamlara diqqət yetirdi?

– Bir çox komponentlər üzərində çalışdıq. Əsasən, mövsümün ilk yarısında yol verdiyimiz səhvlərin üzərində işlədik.

– Qış fasiləsindən sonra ilk oyununuz “Neftçi”yə qarşı olacaq. Şansları necə dəyərləndirirsiz? Sezonun ikinci hissəsinə qələbə ilə başlaya biləcəksiniz?

– Bəli, bizi fasilədən dərhal sonra “Neftçi” ilə çətin oyun gözləyir. Bizim kimi, rəqib də meydana qələbə üçün çıxacaq. Mövsümün ikinci hissəsinə uğurlu start verməyə çalışacağıq.

– “Sabah”ın fasiləyəqədərki çıxışını necə dəyərləndirirsiniz? Daha çox xal toplamağınıza nə mane oldu?

– Bəzi oyunlarımızda öz potensialımızdan aşağı çıxış etdik. Bəzi görüşlərdə isə bəxtsizlik qələbəyə mane oldu. Əlbəttə, hər birimiz daha yaxşı nəticə qazanmaq istərdik. İnanıram ki, ikinci yarıda oz oyunumuzu sərgiləyərək, bizə lazım olan qələbələri qazana biləcəyik.

– Mövsümün ikinci yarısı ilə bağlı qarşınıza hansı tapşırıq qoyulub?

– Hədəf dəyişməyib. Mövsümün əvvəlində olduğu kimi, hazırda da əsas məqsədimiz liqada ilk sıralarda qərarlaşmaqdır.

– Sezonun ilk hissəsində bəzi oyunlarda sizi, bəzilərində isə Nicat Mehbalıyevi qapıda gördük. Sizcə, mövsümün ikinci yarısında hansınız daha çox oynamaq imkanı qazanacaqsınız?

– Heyəti məşqçilər korpusu müəyyənləşdirir və onların istənilən qərarına hörmətlə yanaşıram. Əsas heyətdə mənim və ya Nicatın oynamasının fərqi yoxdur, əsas olan komandamızın uğurlu çıxış etməsidir.

ABBAS

Shares: