“Kəpəz”in futbolçusu Nicat Süleymanovun futbolinfo.az saytına müsahibəsi
– “Kəpəz”in mövsümün ikinci yarısına hazırlıq prosesini necə dəyərləndirirsiniz?
– Hazırlıq prosesi normal keçir, hər şey qaydasındadır. Bacardığımız qədər yüksək səviyyədə məşq edirik. Çempionatın ikinci yarısına uğurlu start vermək fikrindəyik.
– “Kəpəz”in fasiləyəqədərki çıxışı haqda nə deyə bilərsiniz? Göstərdiyiniz nəticə sizi qane edir?
– Fasiləyəqədərki müddətdə son pillələrdə yer almaq həm bizim, həm də azarkeşlər üçün ürəkaçan vəziyyət deyil. İnanıram ki, mövsümün ikinci hissəsində fərqli və əzmkar oyun göstərəcəyik. Əsas məsələ ikinci yarıya yaxşı başlamaqdır. Ümid edirəm ki, istədiyimiz nəticələri qazanmağa nail olacağıq.
– Çempionatın ikinci yarısına “Turan Tovuz”la oyunla başlayacaqsınız. Bu görüşdən gözləntiniz nədir?
– “Turan Tovuz” sonadək mübarizə aparan komandadır. Əlimizdən gələni edəcəyik. Qərb derbisinin qalibi olmağa çalışacağıq.
– Sabiq komanda yoldaşınız Orxan Əliyevin “Turan Tovuz”a gedişini necə qarşıladınız?
– Orxanla həm “Kəpəz”də, həm də “Araz-Naxçıvan”da bir yerdə oynamışıq. Doğrudan da, bitiriciliyi yüksək səviyyədə olan futbolçudur. Hər oyun əlinə düşən imkanlardan maksimum yararlanmağa çalışır. Ona yeni komandasında uğurlar arzulayıram. Allah yolunu açıq etsin.
– Çempionatın ikinci hissəsində “Kəpəz”dən daha yaxşı performans gözləməyə dəyər? Komandanız Premyer Liqadakı yerini qoruya biləcək?
– Bunu əvvəl də demişəm ki, “Kəpəz” Azər Bağırovun gəlişindən sonra daha yaxşı oyun göstərir, komanda daha əzmkar təsir bağışlayır. Son turlarda göstərdiyimiz oyun buna nümunədir. Hər şeyin yaxşı olacağına, Gəncə futbolunun elitada qalacağına inanıram.
– “Kəpəz” ölkə kubokunda da çıxışını davam etdirir. Bu turnirdə nə qədər irəliləyəcəyinizi düşünürsünüz?
– İstər çempionat, istərsə də kubok matçı olsun, bütün görüşlərə eyni ciddiyyətlə, eyni məsuliyyətlə yanaşmalıyıq və yanaşırıq. Futbol şəhəri olan Gəncəni layiqincə təmsil edərək, kubokda da nəticəmizlə azarkeşlərimizi sevindirəcəyik. Azarkeşlərin hər zaman yanımızda olduqlarını bilirik.
CAVAD