“Sabah”ın müdafiəçisi Tellur Mütəllimovun futbolinfo.az saytına müsahibəsi

– Qış fasiləsindən necə hazırlaşdınız və komandanın ümumi durumu hansı vəziyyətdədir?
– Fasilə çox qısa oldu. Artıq bu həftə çempionatda ikinci yarının ilk oyununa çıxacağıq. Amma bu vaxtı səmərəli dəyərləndirdik. Məşqçilər heyəti mövsümün ilk yarısında olan çatışmazlılqlarla bağlı bizi məlumatlandırdı. Bunun üzərində işlədik. İnanıram ki, mövsümün ikinci yarısında daha yaxşı çıxış edəcəyik.

– Fasilədən az müddət öncə komandaya yeni baş məşqçi təyin olundu və ondan sonra hazırlıq üçün zamanınız yarandı. Sizcə, bu hazırlıq nəticələrə necə təsir göstərəcək?
– Bunu zaman göstərəcək. Biz fasilə müddətində olan hazırlıqda verilən tapşırıqları maksimum yetirməyə çalışdıq. Nəticəsini isə mövsümün ikinci yarısında görəcəyik.

– Artıq çempionatın həlledici mərhələsi başlayır. Qışdan sonra itirilən hər xal sonda nəticələrə öz təsirini göstərəcək. “Sabah”ın mövsümün ikinci yarısında yaxşı çıxış edəcəyini düşünürsən?
– Bu mövsüm də ötən mövsüm olduğu kimi, gərgin mübarizənin şahidiyik. Hər xalın çox böyük əhəmiyyəti var. Bununla razılaşıram. Komandamıza inanıram. Ümid edirəm ki, mövsümün ikinci yarısında daha yaxşı nəticələr qazanaraq istədiyimiz mövqedə qərarlaşacağıq.

– Klublarımız, eləcə də “Sabah” qış “transfer pəncərəsi”ndə heç də fəal görünmədi. Bu mövsümün ikinci yarısına təsir edəcək?
– Mənim işim futbol oynamaq və komandamın müsbət nəticə qazanması üçün əlimdən gələni etməkdir. Hər birimiz sadəcə buna köklənmişik. Yeni transferlərin olub-olmaması bizim hədəflərimizi dəyişdirə bilməz.

– Çempionatın başlamasına cəmi 4 gün var. İkinci yarının ilk turunda “Neftçi” ilə qarşılaşacaqsız, qələbə qazana biləcəksiz?
– Çətin oyun olacaq. “Neftçi” ilə matçlarımız həmişə maraqlı keçir. Əlbəttə, meydan da qələbə üçün çıxacağıq.

– Əsas hədəfiniz avrokuboklar zonası olacaq? Səncə, ora düşmək üçün nə lazım olacaq?
– Oyundan oyuna artırmalıyıq, əvvəlki səhblərimizi təkrarlamamalıyıq, aradan qaldırmalıyıq. Ən əsas bütün gücümü hər oyunda göstərə bilməliyik.

AĞA

Shares: