Moldovanın “Şerif” klubunun futbolçusu Əyyub Allaş sabiq komandası “Qəbələ”nin oyunlarını hələ də izləyir.

Bunu futbolinfo.az saytına açıqlamasında mərakeşli yarımmüdafiəçi bildirib.

26 yaşlı orta sahə oyunçusu “Qəbələ”nin yenidən Premyer Liqada çıxış edəcəyinə inanır: “Azərbaycan Premyer Liqası ilə maraqlanıram. Ancaq xüsusən “Qəbələ”nin nəticələrini diqqətlə izləyirəm. Keçmiş komandamın I Liqadakı çıxışı məni sevindirir. “Qəbələ”nin yenidən Premyer Liqaya qayıdacağına şübhəm yoxdur. Kaxaber Sxadadze çox güclü mütəxəssisdir. O, komandanı əvvəlki gücünə qaytara biləcək məşqçidir. Təəssüf ki, Sxadadze təyin olunanda artıq gec idi. Daha tez gəlsəydi, komanda bəlkə də aşağı liqaya düşməzdi”.

Allaş gələcəkdə Azərbaycanda oynamağın əleyhinə olmadığını da vurğulayıb: “Hələ “Qəbələ”dən ayrılan zaman Azərbaycandan təklifim var idi. Ancaq danışıq rəsmi müstəviyə keçmədi, yalnız şifahi danışıq oldu. “Şerif” isə daha ciddi və inandırıcı təkliflə gəldi. Burada olmaqdan da məmnunam. Gələcəkdə yenidən Azərbaycanda oynayarammı? Niyə də olmasın? Amma indi konkret nəsə deyə bilmərəm. Hazırda yalnız “Şerif”dəki karyerama köklənmişəm”.

Qeyd edək ki, Allaş 2023-cü ilin əvvəlindən ötən ilin yayına qədər ölkəmizdə “Qəbələ”nin formasını geyinib.

Shares: