Bu mövsüm Avropanın milli çempionatlarında ən az qol buraxan komandaların siyahısı müəyyənləşib.
Futbolinfo.az saytının məlumatına görə, Misli Premyer Liqasının lideri “Qarabağ” da cədvəlin ilk “10-luğ”una düşüb.
Ağdam təmsilçisi mövsümün ilk yarısında keçirdiyi 18 oyunda ümumilikdə 7 top buraxmaqla buna nail olub. Qurban Qurbanovun yetirmələri etibarlı müdafiə və qapı xəttinə görə, hazırda qitənin 7-ci komandasıdır. “Qarabağ” Xorvatiya “Riyeka”sı və Çexiya “Slaviya”sı ilə eyni göstəriciyə malikdir.
Avropada ən az qol buraxan komanda “Linkoln”dur. Adıçəkilən komanda Cəbəllütariq çempionatının 15 matçında cəmi 3 dəfə mərkəzə dəvət olunub. Lüksemburq klubu “Differdanj” buraxdığı 5 qolla qitənin ikincisidir. “Qarabağ”ı qabaqlayan digər komandalar “Ranjers” (Andorra), “Şerif” (Moldova), “Olimpiya” (Sloveniya) və “Ludoqorets” (Bolqarıstan) qapılarında 5 top görüblər.
Qeyd edək ki, Misli Premyer Liqasında ikinci yarıya yanvarın 17-də start veriləcək.