İlin əvvəlində “Qarabağ”ın braziliyalı hücumçusu Olavio Juninyonun “Sevilya”ya keçəcəyini yazmışdıq. Doğrudur, Azərbaycan çempionu belə köklü kluba yerli futbolçu göndərməyəcəkdi, amma istənilən halda sözün yaxşı mənasında “ögey övlad”ın belə köklü kluba keçidi “Qarabağ” üçün başıucalıq sayılacaqdı.
İş elə gətirdi ki, “Bəyin oğurlanması” filmində deyildiyi kimi “monqol turistləri Monqolustan dublyonkalarını buradan aparmaq” qərarına gəldi. Bəli, futbolun beşiyi yox, taxtı olan ölkənin nümayəndələri öz oyunçularını Azərbaycandan aparmaq eşqinə düşdü. Yatıb yuxumuza da girməzdi ki, Braziliyanın aparıcı klublarından biri olan “Flamenqo” buradan futbolçu transfer etsin. Məhz onların “yağlı əppəy”i, yəni Ağdam klubunun hesabına ödəyəcəyi 5 milyon avro Juninyonun marşrutunu dəyişməsinə səbəb oldu.
28 yaşlı futbolçunun perspektivli İspaniyanı seçmək əvəzinə vətəninə qayıtmasının nə dərəcədə doğru olduğunu söyləyə bilməsək də, fakt ondan ibarətdir ki, Juninyo artıq öz qərarını verib. Hər halda, daha yaxşı pula, həm də vətəndə oynamaq pis deyil. Nə qədər olmasa da, doğmaların yanında olacaq. Bir də ki, “Flamenqo”da çıxış edib yenidən gözə girmək olar. Nəzərə alaq ki, 2015-20-ci illər aralığında Braziliyanın ortabab klublarından olan “Atletiko Paranaense”də oynamaqla buraya qədər gəlib çıxıbsa, “qırmızı qaralar”ın heyətində Avropa nəhənglərinin diqqətini çəkə bilər.
O da var ki, nəhənglər “Flamenqo”dan oyunçu alırsa, daha gənc yaşlarda özünü göstərən braziliyalılara üstünlük verir. Juninyonun 29-30 yaşında “Sevilya”dan da güclü kluba gedəcəyini iddia etmək çətindir. Əslində, bunu müzakirə etmək bizim işimiz deyil. İndiki məqamda sadəcə “Flamenqo”nun keçmişinə, yetişdirdiyi oyunçulara və müəyyən mənada hazırkı heyətinə nəzər salmaq daha məqsədəuyğun olardı.
Mətləbə keçməzdən əvvəl onu qeyd edək ki, “Qarabağ”a ödəniləcək 5 milyon avronun 750 mini Portuqaliyanın “Şaveş” klubunun hesabına köçürüləcək. Çünki bu komanda Juninyonu “Qarabağ”a 450 min avroya satanda müqaviləyə belə bir bənd saldırmışdı ki, sabah onu hansısa kluba göndərəndə transfer məbləğinin 15 faizi bu kluba çatacaq. Çempionumuz da bu öhdəliyi yerinə yetirməyə borcludur.
San Paulu ştatının Rio-de-Janeyro şəhərini təmsil edən “Flamenqo” Braziliyanın ən populyar klubudur. Yerli mənbələrin verdiyi məlumata görə, bu klubun ölkədə 45 milyon azarkeşi var ki, bu da rekord göstəricidir. FİFA-nın XX əsrin klubları reytinqində “Flamenqo” 8-ci yeri tutub. Ümumiyyətlə, “qırmızı-qaralar” San-Paulu ştatının “Vasko da Qama”, “Fluminense” və “Botafoqo” ilə birgə ən nəhəng 4 klubundan biridir.
“Flamenqo” 7 dəfə Braziliya çempionu olub. Ümumiyyətlə, “Böyük Menqo” 37 dəfə San Paulu ştatının çempionu olmaqla bu göstəricidə rekord müəyyənləşdirib. “Flamenqo” 1981, 2019 və 2022-ci illərdə Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Libertadores Kubokunun da qalibi olub.
“Flamenqo” akademiyası Braziliyanın ən sanballı uşaq futbol məktəblərindən biri sayılır. Bu akademiyada Ziko, Zizinyo, Vinisius Junior, Julio Sezar, Adriano Leyte, Mario Zaqallo, Leonardo, Leo Junior və Lukas Paketa kimi ulduzlar yetişib. Bununla yanaşı, müxtəlif dövrlərdə Qarrinça, Bebeto, Karlos Alberto Torres, Denilson, Ze Roberto, Arturo Vidal və David Luis kimi oyunçular da burada oynayıb.
Göründüyü kimi, Juninyo böyük oyunçular yetişdirən və üzərində ciddi təzyiqlər olan komandada çıxış edəcək. Sonuncu dəfə 2020-ci ildə ölkə çempionu olan “Flamenqo” ötən mövsümü 3-cü sırada başa vurub. Ümumiyyətlə, çempion olduqdan sonra, yəni son 4 mövsümdə “qırmızı qaralar” 2 dəfə mükafatçılar sırasında yer alıb.
Komandanın heyətinə nəzər salmalı olsaq, orada Avropa klublarında tanıdığımız bir neçə məşhur yerli oyunçuları görə bilərik. Onların arasında 9 il “Yuventus”da oynayan və ötən mövsüm bu komandaya keçən Braziliya millisinin müdafiəçisi Aleks Sandronu görmək olar. Həmçinin “Roma”da çıxış etmiş Jersonla uruqvaylı Matias Vinya, Moskva “Spartak”ından tanıdığımız Ayrtonla elə bu şəhərin “Dinamo” klubunda top qovmuş Gilyermo Varelanın da adını çəkə bilərik. “Flamenqo”da heç vaxt Avropaya yolu düşməsə də, Uruqvay millisinin aparıcı fiqurlarından olan Corcian Arrakskaeta da çıxış edir.
Komandanın baş məşqçisi isə “Çelsi” və Madrid “Atletiko”sunun sabiq müdafiəçisi Felipe Luisdir. O, 2023-cü ildə karyerasını başa vurduqdan sonra “Flamenqo”nun U-17 və U-20 komandasını çalışdırıb, ötən mövsüm əsas komandanın “sükanı arxasına” keçib.
Deyilənə görə, Juninyonun “Sevilya qatarı”ndan düşməsinə səbəb olan amillərdən biri də Felipe Luisin şəxsən Juninyo ilə əlaqə saxlaması olub. Telefonla müzakrilərdən sonra Juninyo vətəninə qayıtmaq qərarına gəlib. Təbii ki, “Flamenqo” yaxşı pul verməsəydi, Felipe Luis də onu yoldan çıxara bilməzdi. İllik 2 milyon avro, üstəlik, Braziliya millisinə düşmək perspektivinə inandırılmaq həlledici olub.
Ümid edək ki, Braziliyaya qayıdış Juninyo üçün geriyə addım sayılmayacaq. Çünki “Qarabağ”dan gedən oyunçular başqa komandalarda uğurlu çıxış edəndə Ağdam komandasının üzvlərinə tələbat artar. Hələ ki, indiyə qədər “Qarabağ”dan gedən heç bir futbolçu belə desək, “tutuzdura bilməyib”…
FƏRİD