Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi və məşqçisi Mahmud Qurbanovun futbolinfo.az saytına müsahibəsi

– “Turan Tovuz”dan başqa bütün komandalarımız qış fasiləsini Azərbaycanda keçirdilər. Sizcə, bu məqam Tovuz klubuna üstünlük qazandıra və ya digər komandaların hazırlığına mənfi təsir göstərə bilər?

– Bu dəfə qış fasiləsinin müddəti az oldu. İki günə çempionatda ikinci yarı başlayacaq. Əksər klublarımız əvvəlki illərdən fərqli olaraq, bu il ölkə xaricinə toplanışa getmədilər. Təkcə “Turan Tovuz” Antalyaya yollandı. Komandalarımız ölkə xaricinə gedəndə əsas fikir güclü rəqiblərlə yoxlama matçı keçirmək olur. “Turan Tovuz” Antalyada iki oyun keçirdi, Rumıniya və Özbəkistan klubları ilə qarşılaşdılar. Qalan komandalarımız isə Azərbaycanda qaldılar və öz aralarındakı oyunlarla kifayətləndilər. Düşünürəm ki, ölkə xaricində toplanış keçməmək klublarımıza mənfi təsir etməyəcək. Azərbaycanda da formaya düşmək üçün kifayət qədər lazımi şərait var. Komandalarımızın zəif mövqelərinə yaxşı oyunçu tapıb-tapmamaqlarından daha çox şey asılıdır.

– Çempionatın ikinci yarısında hansısa komanda “Qarabağ”a çətinlik yarada bilər, yoxsa Ağdam klubunun asanlıqla çempion olacağını düşünürsünüz?

– Hansısa komandanın “Qarabağ”a çətinlik yaradacağı inandırıcı görünmür. Reallıq budur. Düzdür, “Qarabağ” ən yaxşı oyunçularından birini itirdi. Hücum xəttinin lideri olan Juninyo başqa kluba keçdi. Ancaq düşünürəm ki, bu, “Qarabağ”ın cari mövsümü də çempion kimi başa çatdırmasına mane olmayacaq. Hələ ki Azərbaycanda “Qarabağ”la rəqabət apara biləcək komanda yoxdur.

– Vaxtilə formasını geyindiyiniz və çalışdığınız “Neftçi”dən mövsümün ikinci hissəsində gözləntiniz nədir?

– Nəsə demək çətindir. Çünki bəzi legionerləri getdi, əvəzində yeni oyunçular transfer edilir. Çempionatın birinci yarısında oyun və heyət baxımından problemlər var idi. Turnir cədvəlində “Neftçi”nin adına layiq olmayan yerdə oldular. Komandanın qış fasiləsindən sonrakı çıxışı futbolçuların hansı formada olacağından asılıdır. Bu, “Neftçi” ilə yanaşı, Premyer Liqanın digər iştirakçılarına da aiddir. Çempionatın ikinci yarısında avrokuboklar uğrunda mübarizə daha da güclənəcək. Mövsümün sonu yaxınlaşdıqca, oyunlar azaldıqca avrokubok mübarizəsi xeyli gərginləşəcək. “Neftçi”nin bu mübarizədə yer alıb-almayacağını demək çətindir. Bunu zaman göstərər. “Neftçi” çempionatın ikinci yarısında nəticələrini yaxşılaşdırmalıdır.

– İndiki halda hansı komandaları avrokuboklara vəsiqə qazanmağa daha şanslı hesab edirsiniz?

– Turnir cədvəlinə baxsaq, 2-ci yerlə 8-ci yer arasında çox xal fərqi var. “Araz-Naxçıvan”la “Neftçi” arasında xal fərqi çoxdur. “Kəpəz” və “Səbail”i çıxmaq şərtilə, digər komandaların hamısı avrokuboklara düşmək uğrunda mübarizə aparacaq. Düşünürəm ki, bu mübarizə əsas 3-4 komanda arasında gedəcək. Bunlar isə üst pillələrdə olanlardır.

– Vaxtilə çalışdırdığınız “Səbail” və “Kəpəz” komandaları hazırda autsayderlər qrupunda qərarlaşıblar. Onlardan hansının liqada qalmaq şansının daha çox olduğu qənaətindəsiniz?

– “Kəpəz”in bu gün çempionatımızda autsayder kimi təqdim olunması mənim üçün xoş deyil. Çünki “Kəpəz” köklü, Azərbaycan futbolunda yaxşı nəticələri, öz adət-ənənəsi olmuş klubumuzdur. Düşünürəm ki, Gəncə təmsilçisinin çempionatda qalmaq şansı daha çoxdur.

FƏRİD

Shares: