“Zirə”nin sabiq futbolçusu Nemanya Andelkoviç karyerasını yenidən Azərbaycanda davam etdirə bilər.
Bu barədə futbolinfo.az saytına açıqlamasında serbiyalı müdafiəçi özü deyib.
Rusiyanın “Ximki” klubundan ayrılan və hazırda azad agent statusu daşıyan 27 yaşlı oyunçu Misli Premyer Liqasının bir neçə klubundan təklif aldığını gizlətməyib: “Bakı klublarından zənglər almışam. Düzdür, hələ konkret bir şey yoxdur, heç kimlə anlaşmamışam. Ancaq bütün təklifləri nəzərdən keçirəcəyəm. Bakını sevirəm, sərfəli təklif olsa, məmnuniyyətlə qayıdaram”.
Andelkoviç Rusiya və Azərbaycan futbolunu da müqayisə edib: “Açığı, ciddi fərq var. Rusiya çempionatında rəqabət böyükdür. Klubların şəraiti də yüksəkdir. Amma Azərbaycan futbolu da yaxşı durumdadır”.
Müdafiəçi sabiq komandasının oyunlarını izlədiyini sözlərinə əlavə edib: “Zirə”nin gələn mövsüm yenidən avrokuboklarda iştirak edəcəyinə inanıram. Komandanın oyunlarına baxıram. Üç ilə yaxın orada oldum. Həm “Zirə”ni, həm də Azərbaycanı çox sevirəm”.
Qeyd edək ki, Nemanya Andelkoviç 2021-ci ilin yanvarından 2023-cü ilin yayına qədər “Zirə”nin formasını geyinib.