Basketbol üzrə Avroliqa turnirində 21-ci tura yekun vurulub.
Liderlər qrupunda qərarlaşan “Monako” və “Panatinaikos” məğlub olub. Knyazlıq klubu Münhendə “Bayern”ə 94:95, yunanlar isə Kataloniyada “Barselona”ya 73:82 hesabı ilə uduzublar.
Günün ilk qarşılaşmasında “Jalgiris” doğma arenada “Virtus”u üstələyib – 77:68.
Türkiyənin “Fənərbaxça” komandası da turu qələbə ilə başa vurub. İstanbullular çətin Belqrad səfərindən üzüağ dönüblər. Oyunun əvvəlləri “Srvena Zvezda”nın kiçik üstünlüyü ilə keçsə də, “Fənər” dönüş yaratmağı bacarıb – 96:91. Qonaqların heyətində 27 xalla Naycel Eys Deyvis ən məhsuldar olub.