Vüsal İsgəndərli Türkiyənin “Boluspor” klubunda az oynama səbəblərindən danışıb.

Cinah hücumçusu futbolinfo.az saytına açıqlamasında rəhbərlik və məşqçi heyəti ilə bu mövzuda bir neçə dəfə söhbət etdiyini, lakin hələ də bəzi suallarına cavab tapa bilmədiyini bildirib: “Boluspor”da az oyun vaxtı qazanmağım məncə rəqabətlə bağlı deyil. Bunu da hər kəs çox yaxşı bilir. Rəhbərliklə və məşqçi heyəti ilə oyun vaxtımın azlığı ilə bağlı 5-6 dəfə söhbətim olub. Lakin cavabını ala bilmədiyim çox suallar var”.

İsgəndərli hədəflərinin böyük olduğunu vurğulayıb və Azərbaycana qayıtmasının mümkünlüyündən danışıb: “İlk öncə Azər Bağırova öz təşəkkürümü bildirirəm. Daha əvvəldən birlikdə işlədiyim, sevdiyim məşqçidir. “Kəpəz” böyük tarixi klubumuzdur. Ancaq Azərbaycana qayıdışım – nə “Kəpəz”ə, nə də başqa yerli klublara – alınmadı. Hazırda “Boluspor”la münasibətim çox yaxşıdır. Lakin hər an hər şey ola bilər”.

Futbolçu həmçinin əvvəllər oynadığı Albaniyadan, həmçinin Bosniya və Herseqovinadan təkliflər aldığını açıqlayıb: “Albaniya və Bosniyadan da təkliflər gəlmişdi. Amma çox güman, burda qalacam. Hədəflərimi hər zaman yüksək tuturam. İnşallah, yenidən əsas heyət oyunçusu olmaq və milli komandaya qayıtmaq istəyirəm”.

GÜNAY SÜLEYMANOVA

Shares: