“Qarabağ” bu gün Azərbaycan Premyer Liqasının 19-cu turunun açılış matçında “Şamaxı”nı qəbul edib.
Futbolinfo.az xəbər verir ki, 3:2 hesabı ilə qalib gələn Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov çatışmazlıqlarının çox olduğunu bildirib:
“Çatışmazlıqlarımız çox idi. İlk oyun idi. Ümumiyyətlə, bugünkü oyunda sürət, dinamika gözləmirdik. Çox vacib qələbə qazandıq. Ayxan Abbasov yaxşı komanda formalaşdırıb. Ona uğurlar arzulayıram.
“Şamaxı” çox nadir hallarda qol vurmadan meydanı tərk edir. Qollar mənim üçün sürpriz olmadı. Bir az narahat oldum, buraxılan qollara görə. Belə bəsit qollar buraxmaq bir az məni narahat edir.
Hər bir oyunçunun qarşıdakı oyunlarda olma ehtimalı var. Rəqiblərə görə heyəti qururuq. Bəhlul Mustafazadə komanda ilə məşqlərə başlayıb. Qarşıdakı oyunlarda oyunçuların durumuna baxıb, qərar verəcəyik.
Çox az müddət oldu. Həm Juninyonun getməsi, həm də tez məşqlərə başladıq. Müddət çox az idi. Amma istədiyimiz, bəyəndiyimiz oyunçu olduqda mütləq gətirmək istəyirik. Düzgün rotasiya etmək imkanımız olmasa, oyunçular çox çətinlik çəkəcək. Buna görə də, son günə kimi yeni oyunçular gətirməyə çalışacağıq. Transfer xatirinə də oyunçu gətirmək istəmirik.
Avropa Liqasındakı rəqibimiz olan FCSB (Rumıniya) intizamlı komandadır. Fiziki baxımdan çox güclüdürlər. Yaxşı əks-hücumları var. Sırf nəticəyə oynayan komandadır. Asan olmayacaq.
İnanın ki, çox istərdim Azərbaycan futbolu haqda ətraflı danışım. Ancaq AFFA İnkişaf Strategiyasının detalları haqda ictimaiyyətə məlumat verilməyibsə, mənim fikir bildirməyim düzgün olmaz. Açıqlandıqdan sonra bu barədə danışa bilərik. Bu qərarlarla bağlı mən heç bir təklif verməmişəm, ümumi diskusiyalar aparmışıq”.