Türkiyə millisinin sabiq üzvü, məşqçi Fatih Tekke, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Metin Aktaşın Azərbaycana qəfil səfəri fikirləri qarışdırıb. Onların Bakıda olduqları müddətdə “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olması isə məhz aşağı yaş qrupundan olan millilərimizə mümkün təyinatları barədə söhbətlərə səbəb olub.
Səfər zamanı qonaqları əsas millinin idman direktoru İlqar Qurbanovun müşayiət etməsi də səbəbsiz ola bilməz. Təsadüfi deyil, artıq Türkiyə mətbuatında, bir sıra sosial media səhifələrində bu barədə xəbərlər peyda olub. Tekkenin Cahangir Həsənzadənin hazırda çalışdığı texniki direktor postuna gətiriləcəyi, Kafkasın isə U-21-ə təyinat alacağı yazılır.
AFFA-dan bu xəbərləri təkzib edirlər. Amma zamanla səfərin səbəbləri üzə çıxacaq. Sözügedən mütəxəssislər Bakıya gəzməyə gələ bilməz. Sərgən Yalçının “Neftçi” ilə bağlı macərası, Fernandu Santuşun “Beşiktaş”dan ayrılan kimi millimizə gətirilməsi təsadüf olmadığı kimi Türkiyə ilə bağlı bu olay da güman ki, eyni “nöqtə”dən istiqamətləndirilir.