“Bu fasilə digərlərindən fərqli idi. Hazırlaşmaq üçün çox az vaxtımız oldu. Oyundan oyuna daha da yaxşılaşacağımıza inanırıq. Bacardığımız qədər yuxarı pillələrdə qərarlaşmaq istəyirik. Görürük ki, rəqiblərimiz bizə qarşı daha aqressiv oynamağa başlayıb. Biz də bundan nəticə çıxarıb daha yaxşı hazırlaşmalıyıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Urfan Abbasov deyib.
“Araz-Naxçıvan”ın müdafiəçisi “Zirə”yə uduzduqları (0:1) oyundan sonra erkən buraxılan qolun təsirindən danışıb: “İlk oyun idi. Çətin olacağını bilirdik və yaxşı hazırlaşmışdıq. Təəssüf ki, ilk dəqiqələrdə qol buraxdıq. Sonradan epizodlarımız oldu, amma onları dəyərləndirə bilmədik. Oyunda bəzi boşluqlarımız vardı. İndi bu matçı analiz edib, növbəti qarşılaşmalara hazırlaşmalıyıq. Məğlubiyyət çətin olsa da, motivasiyamıza təsir etməyəcək. Qarşıda hələ çox oyun var”.
O, ikinci dövrənin daha gərgin keçəcəyini qeyd edərək, toparlanmaq üçün bir qələbənin kifayət edəcəyini vurğulayıb: “İkinci dövrənin tamam fərqli olacağını “Zirə” ilə oyundan gördük. Növbəti rəqibimiz “Neftçi”dir. Onlar da fərqli oyun sərgiləyəcəklər. 1 qələbə digər oyunlara yaxşı hazırlaşmaq üçün bizə böyük motivasiya verəcək. Ona görə də var gücümüzü qoyub, qələbə qazanmalıyıq”.
Abbasov həmçinin komanda yoldaşı Qara Qarayevin meydanda sərgilədiyi emosiyalara və fasilədəki əvəzlənməsinə toxunub: “Futbolda belə emosional epizodlar normaldır. Hər zaman hissləri cilovlamaq olmur. Oyun daxilində yaranan gərginlik idi. Fasilədə danışıb, məsələni həll etdik”.
GÜNAY SÜLEYMANOVA