Dünən bütün biatlon dünyası gözlənilməz xəbərdən şoka düşüb: beşqat olimpiya çempionu Yohannes Bö cari mövsümdən sonra karyerasını bitirəcəyini elan edib. Bir il sonra baş tutacaq Qış Olimpiadasından əvvəl belə bir qərar hamı üçün gözlənilməz olub.
31 yaşlı idmançı sosial şəbəkədə bununla bağlı təsirli paylaşım edib, daha sonra isə mətbuat konfransında qərarını şərh edib. Titullu idmançı göz yaşlarını saxlaya bilməyib.
Yohannes beşqat olimpiya çempionu, 20 qat dünya çempionu və ümumilikdə beş dəfə dünya kubokunun qalibidir. Hazırda Bö 662 xalla cari mövsümdə də dünya kubokunda liderdir.
Ümumilikdə, norveçli idmançı karyerasında 88 dəfə dünya kuboku mərhələsində qalib olub. Burada rekord onun həmyerlisi Ole Einar Byorndalenə (95) məxsusdur. Yohannesin karyerasında sonuncu yarış martda keçiriləcək dünya çempionatı olacaq.