“Birinci dövrənin ilk oyununda “Qarabağ”a uduzmuşduq. Ondan sonra çox yaxşı oyun göstərərək məğlubiyyətsiz seriya yaxaladıq və hamıyla mübarizə aparacaq səviyyədə olduğumuzu göstərdik. İndi isə ikinci dövrənin ilk oyununda “Zirə”yə məğlub olduq. Hər iki dövrə bizim üçün oxşar başladı. Biz isə yenidən eyni ssenarini təkrarlamağa çalışacağıq”.
Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Araz-Naxçıvan”ın futbolçusu Vadim Abdullayev deyib.
“Zirə”yə 0:1 hesabı ilə məğlub olduqları oyunla bağlı fikirlərini bildirən yarımmüdafiəçi matçın gərgin keçdiyini qeyd edib:
“Çox gərgin oyun oldu. Turnir cədvəlində də yaxın yerlərdə olduğumuz üçün hər iki komanda bütün gücünü meydançada qoymaq istəyirdi. Kim 1 qol vursa, oyunu aparacaqdı. Təəssüf ki, erkən qol buraxaraq məğlub olduq. Qalibiyyət varsa, məğlubiyyət də olur. Çox möhkəm kollektivimiz var. “Zirə” ilə qarşıda hələ 3 oyunumuz var. Azərbaycan Kubokunda da üz-üzə gələcəyik. Bu məğlubiyyətin əvəzini çıxmağa və həmin matçlarda qələbə qazanmağa çalışacağıq. Səbirsizliklə bu qarşılaşmaları gözləyirəm”.
30 yaşlı futbolçu komandasının daha yüksək potensiala malik olduğunu bildirib:
“Komanda olaraq yaxşı iş görürük. Meydanda rəqibdən zəif çıxış etmirik və ən əsası, sabitliyimiz var. Qarşıdakı rəqibimiz “Neftçi”dir. Onların adı belə hər bir komanda üçün motivasiyadır. Toparlanaraq bu oyunda qələbə qazanmağa çalışacağıq. Potensialımız göstərdiyimizdən daha artıqdır. Qarşımıza Avropaya yollanmağı hədəf qoymuşuq. Sadəcə, səhvləri aradan qaldıraraq hədəfimizə doğru irəliləmək üçün daha çox işləmək lazımdır”.
Abdullayev son olaraq “Zirə” ilə matçda baş verən gərginliyə də toxunub:
“Oyunda insan tam fərqli olur. İçəridə olanda adrenalin təsir edir. Sonradan ayıq başla düşünəndə görürsən ki, lazım deyildi. Bu matçda da eynisi baş verdi. Daha sonra hamı bir-biri ilə görüşüb, üzr istədi”.
GÜNAY SÜLEYMANOVA