“Səbail”in sevinci heç bir sutka da sürmədi. “Kəpəz” Qərb derbisində layiqli qələbə qazanıb “dənizçilər”i onlara daha çox yaraşan sonuncu pilləyə qaytardı.
Misli Premyer Liqasının 3-cü dövrəsinin ilk turu gözlənilməz nəticələrlə yadda qaldı. Paytaxt derbisində heç-heçə qeydə alındı, “Qarabağ” zirvədə möhkəmləndi, digər 3 qarşılaşmada isə favorit sayılanlar uduzdu. Bu isə həm avrokuboka vəsiqə mübarizəsində vəziyyəti qarışdırdı, həm də autsayderlər qrupunda düşmə təhlükəsi olanların sayını çoxaltdı.
Bu baxımdan Tovuzdakı matçın nəticəsi xüsusilə sürpriz alındı. “Turan Tovuz” nominal qonaq olduğu matçda 2 dəfə hesabı açsa da, yekunda darmadağın oldu. “Kəpəz” əsl əzmkarlıq göstərərək hər dəfə hesabı bərabərləşdirdi, daha sonra isə sürəti artıraraq böyükhesablı qələbəni təmin etdi.
Kurban Berdıyevin yetirmələrinin aciz oyununun bir səbəbi heyətdəki ciddi itkilər idi. Xüsusilə müdafiədə cəza və zədə səbəbindən çatışmazlıq var idi. Amma rusiyalı mütəxəssisin eksperimentləri də nəticədə rol oynadı. “20 dəqiqəlik futbolçu” olan Rəhim Sadıxovu start heyətdə yer alması komandanın hücum potensialını zəiflətmişdi. digər yeni futbolçu Orxan Əliyevin debütünü keçmiş klubu ilə görüşdə etməsi də fayda vermədi. Lakin əsas problem yarımmüdafiə ilə bağlı idi. Berdıyev orta sahədəki oyunçu zənginliyində ən pis seçimləri etmişdi. Xüsusilə Alexandro Serranonun ehtiyatda saxlanması pas trafikinə mənfi təsir göstərmiş, rəqibin əl-qolunu açmışdı.
“Kəpəz” penaltini qaçırsa da, mübarizədən qopmadığı üçün Turan Manafovun cərimə zərbələrinə minnətdar olmalıdır. Məhz standart vəziyyətlərdəki uğurdan sonra gəncəlilər qələbəyə inamını itirmədi, əsl meydan sahibi kimi vuruşdular. Amma son pillə ilə bağlı suala yanvarın 25-də daha aydın cavab vermək olacaq. “Kəpəz” Bayılda qələbə qazansa, bir müddət rahat nəfəs alacaq, əks halda “Səbal”lə qiyabi mübarizə davam edəcək.
Məğlubiyyət “Turan Tovuz”un 3-cü pilləyə qalxıb “Araz-Naxçıvan”a yaxınlaşmaq planına mane oldu. Son 8 matçda cəmi 1 qələbə qazanan qərblilər mövsümün əvvəlində əldə etdiyi böyük üstünlüyü itirmək üzrədir. Ölkə xaricində hazırlıq keçən yeganə komanda transfer bazarında da pis təsir bağışlamayıb. Lakin nəticələr düzəlmir. Berdıyev vəziyyət dəyişməsə, avrokubok hədəfi elə hədəf olaraq qalacaq.
Yeganə heç-heçənin qeydə alındığı son görüşə gəlincə, tərəflərin heç biri qələbəyə layiq deyildi. Oyunun tempi aşağı idi, qapılar önündə təhlükəli vəziyyətlər yaşanmırdı. Yalnız 77-79-cu dəqiqələr aralığında azarkeşlər həyəcanlandı. “Sabah” hesabı açdı, 2 dəqiqə sonra bərabərlik təmin olundu.
Vasili Berezutskinin uğurlu debütü yavaş-yavaş unudulur. Rusiyalı mütəxəssis komandanı ilk “dördlüy”ə salmaq üçün ələ düşən fürsətlərdən “məharətlə imtina edir”. Dünənki matçda qələbə üçün düzgün seçimlər etmək kifayət idi. Amma o, nədənsə Elvin Camalov başda olmaqla, əsl yarımmüdafiəçiləri ehtiyatda saxlayıb, müdafiəçi Sofian Çakladan dayaq oyunçusu yaratmağa çalışır. Ümumiyyətlə, heyətin tez-tez dəyişilməsi, yersiz rotasiyalar sabit oyun sisteminiin yaradılmasına mənfi təsir göstərir. “Neftçi”nin heyət baxımından bu qədər çətin vəziyyətdə olduğu bir zamanda qələbəyə cəhd etməmək “Sabah”a yaraşmadı.
Samir Abasovun seçimləri də maraqlı idi. Qış hazırlığında sınaq matçı keçirməyən “Neftçi”, dünən bir neçə əsas heyət üzvünün xidmətindən məhrum qalmışdı. Bu azmış kimi ən ödənişli oyunçulardan olan Ramil Şeydayev ehtiyatda saxlandı. Nəticə müsbət olsaydı, onsuz da əvvəlki günlərini unudan milli üzvünə şans verilməməsini başa düşmək olardı, lakin meydan sahibləri digərlərinin ifasında da boz futbol sərgiləyirdi.
Reallıq odur ki, mövsümöncəsi çempionluğa iddialı sayılan bu iki Bakı komandasının birlikdə topladığı xal hazırda lider olan “Qarabağ”dan 5 vahid azdır. Belə büdrəmələrlə hətta avrokuboka vəsiqə də xəyala çevrilə bilər.
FƏRİD