“Çoxlu qol epizodlarımız oldu. Onları dəyərləndirməyi bacarsaydıq, qələbə qazanardıq. Oyunda üstün, topa daha hakim tərəf biz idik. Ümid edirəm ki, bu üstünlüyü sonrakı oyunlarda xeyrimizə istifadə edərik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Neftçi” – “Sabah” (1:1) oyunundan sonra “ağ-qaralar”ın futbolçusu Murad Məmmədov deyib.
Murad intensiv keçən qarşılaşmada qələbənin vacib olduğunu qeyd edib: “Hər bir klub kimi bizim üçün də qələbə vacib idi. Amma təəssüf ki, oyun bərabərliklə yekunlaşdı. Bu cür oyunlar bizim üçün motivasiya və təcrübədir. Əlimdən gələnin ən yaxşısını göstərməyə çalışdım. Bir futbolçu kimi bu, mənim borcumdur. Asist etməyim bizi məğlubiyyətdən qurtardı. Kluba xeyrim dəydiyi üçün çox sevincliyəm”.
18 yaşlı yarımmüdafiəçi komandanın qış fasiləsindəki hazırlığını vurğulayaraq, azarkeşlərə də təşəkkür edib: “Əslində, biz qələbə gözləyirdik. Çünki qış fasiləsini kifayət qədər dəyərləndirərək, fiziki durumumuzu toparlamışdıq. Komandamızın yığılması növbəti görüşlərə daha yaxşı hazırlaşacağımızı göstərirdi. İnşallah, bundan sonrakı oyunlarda hər şey istədiyimiz kimi gedər. Qarşıda “Araz-Naxçıvan”la maraqlı oyun bizi gözləyir. Samir Abbasovun verdiyi tapşırıqları yerinə yetirərək, səfərdən qələbə ilə qayıtmağa çalışacağıq. Ən əsası, azarkeşlərimizə təşəkkürümü bildirmək istəyirəm. Qışın soyuğunda, yayın istisində bizi yalnız qoymadan dəstəkləyirlər. Hər birindən Allah razı olsun. İnşallah, qələbələr qazanaraq onları sevindirəcəyik”.
GÜNAY SÜLEYMANOVA