“Şamaxı”nın fransalı yarımmüdafiəçisi Brahim Konatenin futbolinfo.az saytına müsahibəsi

– Söhbətə Misli Premyer Liqasının XIX turunda “Qarabağ”la keçirdiyiniz oyundan başlayaq. Liderə iki qol vura bilsəniz də, yekunda məğlubiyyətlə (2:3) üzləşdiniz. Oyundan xalla ayrılmağınız üçün nə çatışmadı?

– “Qarabağ”la keçirdiyimiz ilk matçda olduğu kimi, yenə kiçik detallar üzündən uduzduq. İndiki halda görünən odur ki, biz bu komandadan xal ala bilmirik. Amma müsbət cəhətlər də gördüm. Komandamızın birləşdiyini hiss etdim və bu, gələcək üçün çox müsbət haldır. “Qarabağ”la görüşdə çoxlu qol vəziyyəti yaratdıq. Bunun qarşılığında meydançanı xalsız tərk etmək bizi məyus etdi.

– Qış fasiləsi müddətində komandaya bir neçə yeni futbolçu cəlb olundu. Sizcə, onlar “Şamaxı”ya əlavə güc qata biləcəklər? Yeni transferlərlə bağlı fikriniz necədir?

– Düşünürəm ki, yeni gələnlər məqsədimizə çatmağa kömək edəcəklər. Hamının bildiyi kimi, bu mövsüm üçün hədəfimiz Premyer Liqada qalmaqdır. Biz futbolçular və komandanın bütün personalı əlindən gələni edir ki, yeni transferlər kollektivə mümkün qədər tez uyğunlaşsınlar. Adaptasiya prosesi nə qədər tez keçsə, “Şamaxı” üçün bir o qədər əllərindən gələni edəcəklər.

– Növbəti turda “Zirə” ilə qarşılaşacaqsınız. Bu oyunda hansı nəticəyə ümid edirsiniz?

– Mən bütün rəqiblərimizə hörmətlə yanaşıram. Amma biz hər bir oyuna xal və ya xallar qazanmaq məqsədilə çıxırıq. Çempionatın bütün iştirakçıları bir-birlərinə rəqibdirlər və hər bir komanda digərlərini qabaqlamağa çalışır.

– Baş məşqçi Ayxan Abbasovun ən çox güvəndiyi futbolçulardan birisiniz. Onunla bağlı da fikrinizi bilmək istərdik. Abbasovla birgə işləmək sizin üçün rahatdır?

– Abbasov ötən mövsümdən, hələ “Turan Tovuz”u çalışdırdığı dönəmdən məni komandasında görmək istəyən məşqçidir. O, 6 ay futbolsuz qalmağıma baxmayaraq, mənə “Şamaxı”ya qoşulmaq imkanı yaratdı. Mənə bu inamı aşıladığı üçün ona təşəkkür edirəm. Hər məşqdə və oyunda Abbasovun etimadını doğrultmağa çalışıram. Onun tətbiq etdiyi oyun sistemi mənə tam uyğun gəlir.

– Hazırda 8-ci pillədə qərarlaşan “Şamaxı”nın mövsümün ikinci yarısı ilə bağlı əsas planı nədir? Turnir cədvəlində daha yuxarı pillələrə qalxmaq üçün yetərli qədər gücünüz varmı?

– Bütün komandalar gücləniblər. Bu isə o deməkdir ki, mövsümün ikinci yarısı hamı üçün daha çətin keçəcək. Ancaq mən komandama güvənirəm. Zəhmət və əzmin hesabına əsas məqsədimizə çatacağıq.

– Azərbaycan Premyer Liqasının səviyyəsi sizi tam qane edir? Çempionatımızda çıxış edən hansı futbolçuları bəyənirsiniz?

– Azərbaycan çempionatı çox səviyyəli liqadır. Burada yaxşı futbolçular çıxış edirlər. Bəyəndiyim oyunçular çoxdur.

ABBAS

Shares: