“Sabah”ın ispaniyalı müdafiəçisi Con İrasabalın futbolinfo.az saytına müsahibəsi

– Qış fasiləsindən tam istədiyiniz kimi faydalana bildiniz? Hazırlıq müddətində əsas hansı komponentlərə çox vaxt ayırdınız?

– Qış fasiləsində hazırlaşmaq üçün o qədər də çox vaxtımız olmadı. Biz əsasən fiziki hazırlıq üzərində çalışdıq. Əlbəttə, baş məşqçimizin taktiki planda daha da artırmağımız istiqamətində verdiyi tapşırıqlar üzrə də məşqlər keçdik.

– Fasilədən sonra keçirdiyiniz ilk matçda “Neftçi” ilə heç-heçə (1:1) etdiniz. Göstərdiyiniz oyun və qazanılan xal sizi qane etdi?

– Biz daha yaxşı futbol sərgiləyə bilərdik. “Neftçi” həqiqətən bu matçda çox yaxşı pressinq etdi, bu da daha uzun müddət topa sahib olmağımıza, daha çox fürsətlər yaratmağımıza mane oldu. Fikrimcə, daha çox hücum etməli idik.

– Hesabı açdıqdan sonra üstünlüyünüzü cəmi 2 dəqiqə saxlaya bildiniz. Bunun səbəbini nədə görürsünüz?

– Bəlkə də bu, emosional olaraq qolun təsirində qalmağımızla bağlı idi. Həmin anda düzgün mövqe tutmamışdıq.

– Baş məşqçi Vasili Berezutski öz oyun fəlsəfəsini komandaya tam aşılaya bilib? Yoxsa bunun üçün ona bir qədər də zaman lazımdır?

– Düşünürəm ki, bizə öz oyunumuzu təkmilləşdirmək üçün bir çox maraqlı nüansları çatdırıb. Lakin hələ tam olaraq bunu meydanda əks etdirə bilmirik. Bunun üçün zamana ehtiyac var.

– Növbəti turda “Sumqayıt”ı qəbul edəcəksiniz. Rəqib mövsümün ikinci yarısına sürpriz məğlubiyyətlə başladı. Bu amil “Sabah”ın rahat qələbə qazanacağını deməyə əsas verir?

– Xeyr, bu, rahat oyun olmayacaq. Bunu komandanın hər bir üzvü bilir. Biz qalib gəlmək istəyirik. Amma ilk növbədə bu istəyi meydanda sərgilədiyimiz oyunla sübut etməliyik.

– Hazırda 5-ci pillədə qərarlaşan “Sabah” mövsümün sonunda avrokuboklara vəsiqə qazanan komandaların sırasında ola biləcək?

– Həm bizi, həm də rəqiblərimizi qarşıda hələ bir çox oyun gözləyir. Ona görə indidən nəsə demək çətindir. Lakin onu deyə bilərəm ki, bizim avrokuboklara vəsiqə qazanmaq üçün kifayət qədər vaxtımız və potensialımız var.

FƏRİD

Shares: