“Debüt oyunum idi. Düzdür, belə matçlara girmək heç də asan deyil. İlk dəfə meydanda olmaq, xüsusilə də belə səviyyəli rəqibə qarşı oynamaq həm həyəcanverici, həm də məsuliyyətli idi. Düşünürəm ki, ilk oyuna görə pis çıxış etmədim. Komanda yoldaşlarımla birlikdə mümkün olan ən yaxşı mübarizəni apardıq”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Şamaxı”nın futbolçusu Murad Vəliyev deyib.
Gənc yarımmüdafiəçi “Qarabağ”a 2:3 hesabı ilə məğlub olduqları oyun barədə də fikirlərini bölüşüb: “Təəssüf ki, buraxdığımız son qol məğlubiyyətimizə səbəb oldu. Amma meydanda göstərdiyimiz mübarizə məncə, təqdirəlayiqdir. Oyun ərzində müəyyən anlarda yaxşı hücumlar qura bildik və müdafiədə də nisbətən inamlı oynadıq. Təəssüf ki, bəzi detalların üzərində hələ də işləmək lazımdır. “Qarabağ” kimi rəqibə qarşı belə çıxış etmək çox yaxşı nəticədir. Komanda olaraq matçdan sonra həm fərdi, həm də kollektiv səhvlərimizi analiz edəcəyik. Qarşıda bizi “Zirə” ilə maraqlı oyun gözləyir. Çox ciddi hazırlaşmalıyıq, çünki həmin qarşılaşmada xal qazanmaq bizim üçün olduqca vacibdir. Bacardığımız qədər gücümüzü göstərib, 3 xalı əldə etməyə çalışacağıq. Ümid edirəm ki, ikinci dövrədə komandamız daha yaxşı performans göstərəcək. Gənc və iddialı heyətimiz var. Məncə, çalışqanlıq və əzmlə daha yaxşı yerlərə yüksələ bilərik”.
GÜNAY SÜLEYMANOVA