Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrindən olan Cavanşir Quliyevin futbol həvəskarı olduğunu bilirdim. Həmişə imkan edib onunla görüşmək istəmişəm.Onun futbolla bağlı fikirləri ilə tanış olmaq üçün mənzilinə yollandım. Ürəyini necə lazımdırsa, boşaltdı…
– Futbola, ümumiyyətlə, idmana marağınız haradan yaranıb?
– Təbii ki, hamı kimi mən də uşaqlıqdan idman həvəskarı olmuşam. Hamı belə böyüyür. Ora-bura qaçırdım, oynayırdım, bizə elə gəlirdi ki, oynayırıq. İdmana maraq yaranmasında təbliğatın da rolu var. Televiziya vasitəsilə idman verilişlərinə baxırdıq, futbol matçlarının yayımını izləyirdik. Bütün bunlar məndə futbola olan marağı yaratdı. Həm də azarkeşlik deyilən bir duyğu var. Bu da gənclərə bir həyəcan verir. Mən də yuxarı siniflərdə oxuyanda fəal oyunçulardan biri idim. Hətta o vaxt şəhər idman komitəsi hər hansı idman növü ilə məşğul olanlara yarışlarda fərqlənəndə dərəcələr verirdi. Mən də məktəb komandasında çıxış edərkən 3-cü dərəcəli futbolçu oldum. Hətta bunun kitabçası da qalıb. Azarkeşliyə gəlincə, sovet dövründə güclülər liqasında oynayan bir “Neftçi” komandamız var idi.
– Heç futbolçu olmağı arzulamısınız?
– Fikrimdən keçirdi. Çünki yuxarı siniflərdə oxuyarkən fiziki göstəricilərim yüksək idi. Hətta mənə Mingəçevirin “Toxucu” komandasında oynamağı məsləhət görmüşdülər. Mənə dedilər ki, ora get, qoy səni yoxlasınlar. Nəsə getmədim. Bəlkə də bu, Allahın təqdiridir. Çünki fikirləşdim ki, bu mənim işim deyil. Bir var əylənmək üçün oynayasan, bir də var bunu öz peşənə çevirəsən. Futbolda hazırlıq prosesi çox ağır keçir. Mən buna dözə bilərdimmi? Ümumiyyətlə, biz xalq olaraq gecə-gündüz işləməyi sevmirik. Hər şeyi Allahın ümidinə qoyuruq. Sən peşəkar klubda oynadığın halda, çalışmasan, orada səni saxlamayacaqlar. Ona görə də futbolun arxasınca getmədim, musiqini seçdim.
– Sizin doğma yurdunuz Şəki mədəniyyət ocaqlarından biridir. Burada sizinlə yanaşı Cövdət Hacıyev, Şəfiqə Axundova, Emin Sabitoğlu kimi bəstəkarlar, Mirzə Fətəli Axundov, Sabit Rəhman kimi dramaturqlar, Bəxtiyar Vahabzadə kimi şair, İsmayıl Osmanlı və Lütfəli Abdullayev kimi aktyorlar və Rasim Ocaqov kimi rejissor çıxıb. Amma belə böyük şəhər hələ bir məşhur futbolçu yetişdirməyib. Bunun səbəbini nə ilə izah edərdiz?
– Guya Azərbaycandan çox böyük futbolçu çıxıb ki, biz Şəkidən danışaq? Bizim ölkə olaraq futbolla işimiz olmayıb. Sadəcə, oynayırıq, hay-küy salırıq. Ortada ciddi nəticə yoxdur. Halbuki, Ermənistan Avropaya oyunçu çıxarıb. Gürcülərin sayı daha çoxdur. Hətta Jorj Mikautadzenin transferinə “Qalatasaray” təxminən 25-30 milyon avro xərcləməyə hazırdır. Hələ nəzərə alaq ki, o, Fransada doğulub, Gürcüstan futbolunun yetirməsi deyil. Bizim də Avropada doğulan uşaqlarımız var. Amma onlar oynamaq yox, dükanda mal satmaq istəyirlər.
– Mən bunu nəyə görə dedim, hər halda, Tovuz və ya Gəncədən ölkə səviyyəsində olsa da, normal futbolçular çıxır, amma bu mənada Şəki kimisə yetişdriməyib.
– Hə, bu mənada elədir. Yəqin ki, bunun üçün şərait yetişməyib. Ya normal məşqçi ilə bağlı problem olub, ya da məşq üçün meydança tapılmayıb. Bütün bu səbəblər toplanıb, vəziyyətə təsir göstərib. Şəkidə gənclər üçün başqa məşğuliyyət növləri olub. Şəki mədəniyyət mərkəzi olduğu üçün gənclər bu sahəyə meyilli olub. Şəki Dram Teatrı, musiqi məktəbləri və s.
– Azərbaycan II Liqasında “Şəki Siti” komandası çıxış edir, heç olmasa nəticələri ilə maraqlanırsınız?
– Maraqlanmıram, amma gözümə dəyir. Hətta basketbol üzrə Azərbaycan çempionatında da “Şəki” komandası var. Hərçənd bu komandanın əsas gücü amerikalı oyunçulardır.
– Bir dəfə sizi “Azərsun Arena”da “Qarabağ” – “Neftçi” oyununda görmüşəm. Ümumiyyətlə, stadionlara gedirsiniz?
– Gedirdim və yenə də getmək istəyirəm. Mən əvvəllər “Neftçi”nin oyunlarını stadiondan izləyərdim. Yadımdadır ki, biz matçları arenadan seyr etməyə hazırlıqlı gedərdik. Tum və ya limonad həmişə yanımızda olardı.Həm oyuna baxırdıq, həm də vaxt keçirirdik. Enerjimizi boşaldırdıq. Təxminən 10 il əvvəl dəri xəstəliyi ilə əlaqədar Naftalana müaliyəcəyə getmişdim.Orada olarkən, bir adam mənə yaxınlaşdı. Sifəti tanış gəlirdi. Öz-özümə deyirəm ki, bunu mən harada görmüşəm. Dedi ki, Asim Xudiyevəm. Çox ünsiyyətcil və mədəni adamdır. İncəsənət adamlarına yaxın insandır, neçəsi ilə də dostluq edir. Tanışlığımız oradan başladı. Hər axşam Naftalanda gəzişirdik. Bakıya gələndən sonra mənə zəng edib dedi ki, “Qarabağ”ın avrokubok matçı var, sənə dəvətnamə verim, gəl”. Oyunu bir yerdə izlədik. Hətta oyunun gedişində dedim ki, “Qarabağ” niyə uzaqdan qapıya zərbə vurmur?” Bu sözü demişdim ki, 5 dəqiqə sonra “Qarabağ” uzaqdan bir zərbə ilə qol vurdu. Üzünü mənə tutub dedi ki, “gördün, səni eşitdilər” (gülür). Bu günə qədər münasibətlərimiz var. Onun futbolçu olduğu dövrlərdən bəri dizində problem var idi, Naftalana gəlib müalicə götürürdü. Xudiyev sonradan Kiyev “Dinamo”sunda işləyən bir həkim tapdı. Həmin həkim Asim bəyin problemini əməliyyatla tam həll etdi.
– Bəstəkar dostlarınızdan, musiqi dünyasında tanışlarınızdan daha çox kimlər futbol fanatı olub?
– Bildiyim qədərilə Eldar Mansurov güclü futbol azarkeşidir. Hətta onun oğullarından biri “Neftçi”nin İdarə Heyətində yer alır (AFFA İcraiyyə Komitəsinin üzvüdür – red.). Amma ümumi götürsək, yaşıdım olan sənət dostlarımın əksəriyyəti futbolu sevib. Biz hətta konservatoriyada oxuyanda, binanın idman zalında dərs qurtarandan sonra futbol oynayırdıq. Hətta gimnastların yararlandığı “kozyol”dan qapı kimi istifadə edirdik.
– Hər bir məşhur futbol klubunun öz himni olur. Bizim aparıcı klubların da himnləri var. Sizə hansısa klubdan onlara himn yazmağınızla bağlı müraciət olunub?
– Yox, heç bir klub mənə bir təklif göndərməyib. Doğrusu, mən 20 il burada yaşamadım. Bəlkə də ürəklərindən keçib, amma burada olmadığıma görə yəqin başqa adamlara müraciət ediblər. Əminəm ki, burada yaşasaydım, mənimlə əlaqə saxlayardılar. Böyük məmnuniyyətlə qəbul edərdim.
– Amma yaxın vaxtlarda “Qarabağ” himn yazdırdı. Məsələn, sizi seçə bilərdilər…
– Yox, heç kim məni axtarmayıb. Mən 3 ildir ki, buradayam. Amma onu da deyim ki, bura birdəfəlik köçdüyümü çoxu bilmir. Hətta tanışlarım məni görəndə soruşurlar ki, “sən Şimali Kiprə qayıdacaqsan, yoxsa birdəfəlik gəlmisən?” Bilmirlər. Hətta bir müddət əvvəl İstanbulda səhhətimlə bağlı problem yaşadım, məni xəstəxanaya apardılar. Bunu eşidən insanlar elə başa düşdü ki, mən burada yaşamıram. Ona görə də futbol klublarlının rəhbərliyi haradan bilsin ki, buradayam.
– Cavanşir bəy, Çempionlar Liqasının himni, yoxsa sovet dövründə eşitdiyimiz Matvey Blanterin “Futbol marşı”?
– Musiqi baxımından Blanterin marşı daha keyfiyyətlidir. Amma bizim Sovet İttifaqı ilə bağlı fikirlərimiz və hisslərimiz müsbət deyil. Biz Rusiya imperiyasını sevmirik. Ona görə də rusa aid olan hər şeyə qıcıqla yanaşırıq. Mənə desəniz hansını seçərsən, mən Çempionlar Liqasının himnini seçərdim, amma musiqiçi olaraq Blanterin marşının daha keyfiyyətli olduğunu qəbul edirəm.
– Bəs dünya klublarının himnlərinin musiqi keyfiyyəti ilə bağlı nə deyərdiz? Hansı ölkənin klubları daha çox sənət əsəri yaradıb?
– Mənə elə gəlir ki, İngiltərə klublarının musiqisi daha ciddidir. Çünki onlar musiqiyə daha çox diqqət yetirir. Bu ənənə də oradan gəlir. O biri ölkələr bu ənənələri oradan götürüb. Ümuimiyyətlə, futbolla bağlı çox şey İngiltərədən gəlib. Ona görə ingilislər daha çox uğur qazanan ölkələrə qısqanclıqla yanaşır.
– Müsahibələrinizin birində demişdiz ki, mən Şimali Kipr Türk Cumhuriyyətində dərs deyərkən, tələbələrin boş vaxtlarında da musiqi ilə məşğul olduğunu, yaradıcılıq axtarışında olduğunu görürdüm. Bizdə isə tələbələr təhsil ocağına diplom üçün gəlir, onlara elm lazım deyil. Sizə elə gəlmir ki, futbolumuzda da vəziyyət belədir. Qonşularımız Avropaya futbolu sevdiyi üçün qaçır, orada bu oyunun sirlərinə yiyələnib ucalmaq istəyir, bizim yerli oyunçular isə pul xatirinə oynayır, ona görə də burada yaxşı pul alıb qırağa çıxmır. Razısınız?
– Təəssüf ki, belədir. Sözünüzün davamı olaraq onu deyim ki, Avropaya qaçıb gedən futbolçu daha çox qazanır. Paradoks budur ki, onlar futbol oynamaq istəyir, ona görə də bizdə pulu fikirləşənlərdən daha çox gəlir əldə edirlər. Bunu bizimkilər niyə anlamır, onu başa düşə bilmirəm. Arada kimsə kənara çıxanda deyirik ki, “aha, nəsə olacaq”, amma təəsüf ki, gedəndən sonra ümidləri doğrultmurlar. Daha güclü ölkələrə getmirlər, ortabab ölkələrdə oynamaqla kifayətlənirlər. Şimali Kipr Türk Cumhuriyyətini xatırladız, deyim ki, oranın öz futbol liqası var. Ölkənin 350 min əhalisi var, Bakının mikrorayonu qədər. Əməlli-başlı çempionat təşkil edirlər, legionerə qədər gətirirlər. Hətta çempionatlarının oyunlarını arenadan da izləmişəm. Çox yüksək səviyyədə təşkilatçılıqla seçilirlər. Hətta bu liqada parlayan türk oyunçulardan biri “Beşiktaş”a da keçmişdi, bir neçə il də orada oynadı. Türkiyə klubları oradan oyunçu seçirlər. Ümumiyyətlə, Şimali Kipr liqası cəmiyyət arasında müzakirə olunur. Amma mən burada çevrəmdə kimlərinsə Azərbaycan Premyer Liqasını müzakirə etdiyini görməmişəm.
– Bir dəfə Nurəddin Mehdixanlıdan müsahibə götürəndə, o belə bir fikir səsləndirdi ki, bizim musiqidə solo var, amma xor yoxdur. Sizə elə gəlmir ki, bizdə idman da belədir. Fərdi idman növləri inkişaf edir, komanda növlərində qabağa gedə bilmirik.
– Bu, bizim ümumi cəmiyyətin vəziyyətidir. Biz bir yerdə bir iş görə bilmirik. Bu, qanımıza işləyib, həyatımız belədir. İctimai məsələlərdə də hamımız bir liderik. Deyirik ki, “hər kəs məni dinləsin, mən düz deyirəm”. Əslində, bəzən bir ola bilik. Vətən Savaşı bunu göstərdi ki, bir ola bilirik. Adi həyatda da belə olmalıyıq. Təəssüf ki, müharibədən sonra hərə öz yuvasına çəkildi.
– Milli komandamızın oyunlartını izləyirsiniz?
– Nəyini izləyəsən?! Təbii ki, izləyirəm. Mənə maraqlıdır ki, niyə millini əcnəbilər çalışdırır? Biri gedir, o biri gəlir. Əcnəbini keyfiyyətli futbolçunun üstünə gətirərsən, bizimkilərə nə əcnəbi? Mən vaxtilə Pelenin Braziliya millisindəki komanda yoldaşı olan Karlos Alberto Torresin bura gətirilməsinə təəccüb etdim. Bu adam Pele ilə oynayıb, sənin onunla işləməyə oyunçun var? Həmçinin Berti Foqts. Almaniya millisi ilə futbolçu kimi dünya və Avropa çempionu olub, baş məşqçi kimi də almanlara 1996-cı ildə qitə çempionluğu qazandırıb. Onu bura gətirib nüfuzuna zərbə vurursan, sonra deyirsən ki, bizi böhrandan çıxara bilmədi. Material material deyil axı. Eləcə də Fernandu Santuş. Mənə elə gəlir ki. bizim futbola rəhbərlik edənlər futbolu yaxşı bilmir. Onlar futbol sahəsindən çıxan insanlar deyil. Ola bilər, hansısa bir nazir rəhbərlik etdiyi quruma yad bir sahədən gəlsin, amma o yaxşı idarəçi kimi ora gəlibsə, yanında sahəni bilən insanları əyləşdirməlidir. Futbolda da belə olmalıdır. Sən yaxşı idarəçi ola bilərsən, amma yanına futbolu bilənləri toplamalısan. Sovet qurulduqdan sonra Moskvadan belə sərəncam gəldi ki, ölkədə əhalinin sayına əsasən musiqi məktəbləri təsis edilməlidir. Dedilər ki, Azərbaycanda 150 musiqi məktəbi açılmalıdır. İndi bu məktəblər üçün tədris proqramı hazırlanmalıdır. Sual budur, proqram necə hazırlanmaldır? Bu vəzifəni Üzeyir Hacıbəyliyə həvalə etdilər. O da bütün ölkə üzrə musiqiçilərdən onun yanına proqramla gəlməyi xahiş etdi. Hamı öz proqramını gətirdi, Üzeyir bəy onlar əsasında ortaq bir proqram hazırladı. Bu günə qədər də o proqram işləyir. İdmanda da belə olmalıdır. Təəssüf ki, dövlətin büdcəsindən paralar futbola görə boş-boşuna havaya sovrulur.
– Bəs belədirsə, niyə “Qarabağ” uğurlu çıxış edə bilir?
– Qarabağın beynəlxalq aləmdə tanınması üçün bu layihə bizə çox lazım idi. Bu adda komandanın uğurlu çıxış etməsi üçün bütün diqqəti haqlı olaraq ona yönəldtilər. Məsələ ondadır ki, o biri komandalar da bu yolu getməli idi. Görünür, maliyyə imkanları hamıda eyni deyil. “Qarabağ” doğru sistem qurdu. İndi də gördüyünüz ki, həm də oyunçu sata bilir. Bütün bunları görən “Neftçi” də özünə gəlməlidir. Mənim üçün fərqi yoxdur, “Neftçi” və ya “Qarabağ”, hamısı bizimdir.
TAHİR MİRZƏ