Fransa millisi DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığmasının da yer aldığı D qrupuna düşmək istəmir.

Futbolinfo.az Fransa mətbuatına istinadən xəbər verir ki, həm rəqiblərin gücü, həm də səfərin uzunluğu Avropa nəhəngini narahat edir.

Məsələ burasındadır ki, UEFA Millətlər Liqasının 1/4 final mərhələsi çərçivəsində martda Xorvatiya ilə qarşılaşacaq fransızlar qalib gələcəkləri halda Ukrayna, İslandiya və Azərbaycana rəqib olacaqlar. Bu cütün məğlubu isə Çexiya, Monteneqro, Farer adaları və Cəbəllütariqlə L qrupunda mübarizə aparacaq.

Bununla bağlı geniş araşdırma aparan Fransa KİV-i Xorvatiyaya məğlubiyyətin daha uğurlu olacağını qeyd edib: “Çünki qələbə təqdirində düşəcəyimiz qrup çətin olacaq. Bu da Didye Deşamın işini çətinə salacaq. Ukrayna yığması son vaxtlar inkişafdadır və Avropada kifayət qədər tanınmış oyunçusu var. İslandiya və Azərbaycan isə öz səbətlərinin ən güclüləri idi. Üstəlik, bu ölkələrə uzaq səfəri də nəzərə almaq lazımdır. Digər qrupdakı komandalar daha münasib görünür”.

Qeyd edək ki, Fransa ilə Xorvatiya arasında oyunlar martın 20-də Splitdə, 23-də isə Sen-Denidə keçiriləcək.

Shares: