U-21 millimizdə oynayarkən diqqət mərkəzinə düşən oyunçulardan biri də Mert Çelik idi. Hər halda, “Başakşəhər”ə məxsus olan futbolçu “Qalatasaray” məktəbini keçmişdi. Elə bacarığının hesabına da “Neftçi”yə düşdü, bu komanda ilə çempion oldu. Nə dərəcədə ümidləri doğruldub-doğrultmadığını söyləmək çətindir, amma görünən o oldu ki, karyerasında bir qədər eniş yaşadı. Mert hazırda “Səbail”də belə desək, öz gücünü bərpa etmək istəyir.

Türkiyə və Azərbaycan futbolu arasında paralellər aparmaq üçün Mertle görüşmək qərarına gəldim və məni düşündürən suallara cavab tapmağa çalışdım.

Necə milliləşməsi barədə danışmadıq. Amma ilk suala cavabı elə həm də yığmamıza cəlb olunmasının səbəbləri barədə düşünməyə vadar etdi.

– “Vikipediya”nın ingilis dili versiyasında sənə aid məlumat bölümündə babanın Azərbaycandan olduğu bildirilir. Doğru məlumatdır?

– Mənim əslim Qara dəniz bölgəsindədir. Girəsundanıq. “Vikipediya”da yanlış məlumat dərc olunub.

– Futbola harada başlamısan? “Qalatasaray”ın aşağı yaş qruplarından ibarət komandasına necə düşmüsən?

– Bizim bölgədə həvəskar komanda var idi, ilk dəfə bu komandanın sıralarına yazılmışam. O vaxt “Qalatasaray”lı yaşıdlarımızla hazırlıq oyunu keçirdik, oradan məni bəyəndilər, yoxlanışa çağırdılar və nəhayət sıralarına cəlb etdilər. 10 yaşımdan 13 yaşıma qədər “Qalatasaray”ın alt yapısında futbolun sirlərinə yiyələndim, Floryada məşq etdim, sonra da “Başakşəhər”ə keçdim.

– “Qalatasaray”ın aşağı yaş qruplarında oynayarkən səninlə birgə indi tanınmış hansı futbolçular məşq edirdi? Kimlər səninlə birgə bu yola başladı, sonra da yüksəlişə keçdi?

– Yunus Akgün və Ozan Kabakla bir yerdə oynamışam, bizə “2000-lər qrupu” deyirdilər. Çox məşhur qrup sayılırdı. Başqa yerlərdə oynayan bir neçə tanınmış futbolçu da bizimlə idi. Amma məşhurları Yunusla Ozan idi.

– Onlarla indiyə qədər əlaqən var?

– Yunusla bəzən yazışırıq. “Qalatasaray” “Qarabağ”la xeyriyyə matçı keçirmək üçün Bakıya gələndə onları ziyarət etmək üçün otelə getdim. Həm “Başakşəhər”də baş məşqçim olan Okan Burukla, həm də Yunusla görüşdüm.

– “Başakşəhər”ə keçməyib karyeranı “Qalatasaray”da davam etdirə bilərdin?

– Atamın “Başakşəhər”də işləyən bir yaxın tanışı var idi, məni ora məsləhət gördü. Bu klubun da U-14 komandasının baş məşqçisi mənə dəvət göndərdi. O vaxt da bu komanda İBB adlanırdı. Mənə dedilər ki, klubun adı “Başakşəhər” olacaq, böyüyəcək, iddiası artacaq. Həm də bazaları evimizə yaxın bir yerdə idi. 13-14 yaşımda bir uşaq idim, o vaxt pul haqda fikirləşmirdim. Müntəzəm oynamaq üçün “Başakşəhər”i seçdim.

61636c7f45d2a06a3ce2ad7d - Futbolinfo.az

– Bəs “Başakşəhər”in aşağı yaşlılarında səninlə birgə kimlər var idi?

– Orada mənimlə oynayanlar arasında elə də məşhurlaşanlar olmadı.

– Bəs “Başakşəhər”in əsas komandasına səni kim cəlb etdi?

– Abdullah Avcının dəvəti ilə əsas kollketivə qoşuldum. Əsas komanda ilə U-21 komandası arasında hazırlıq oyunu keçirilməli idi. 19 yaşım olsa da, məni U-21-ə çağırıb bu matçda oynamağa imkan yaratdılar. Həmin görüşdə də özümü yaxşı tərəfdən göstərmişdim. Bir həftə sonra da bizim aşağı yaş qruplarından ibarət komandamızın rəhbəri mənə əsas komandaya cəlb olunduğumu söylədi. Əsas komandaya yüksəlməyimdə hazırda “Beşiktaş”ın və Türkiyə millisinin qapıçısı Mert Günokun da böyük rolu oldu. O, Abdullah Avcıya məni çox təriflədi.

– “Başakşəhər”in əsas komandasında Robinyo, Adebayor, Klişi, Gökhan İnler və Arda Turanla bir yerdə oynamısan. Müsahibələrinin birində də demişdin ki, onlardan çox şey öyrənmisən. Onlardan nə öyrənmisən?

– Onlar çox böyük futbolçu idi. Onlarla bir yerdə eyni paltardəyişmə otağında olmaq belə böyük şərəfdir. Özümü buna görə çox şanslı hesab edirəm. Mən müntəzəm olaraq onları izləmişəm. Nə edirdilərsə təkrarlamağa çalışdırdım. Hətta yedikləri yeməyə belə fikir verirdim. Hansı yeməyi sifariş edirdilərsə, mən də özümə ondan çəkirdim. Onlardan çox şey götürmüşəm.

– Belə bir yerdən Azərbaycana gəlmək geriyə doğru bir addım deyil ki?

– Baxır neçə yaşında və necə gəlirsən?! Məsələ ondadır ki, Türkiyədə gənc oyunçulara o qədər də çox önəm vermirlər. Mənim Azərbaycana gəlməkdə hədəfim iki il oynayıb yenidən Türkiyəyə qayıtmaq idi. Məndən asılı olmayan səbəblərdən bəzi hadisələr yaşandı. “Başakşəhər” rəhbərliyinin də müəyyən problemləri oldu. Hər nədisə, bura gəldim, amma burada olduğum üçün də xoşbəxtəm. Mən Azərbaycana kiçik ölkə kimi baxmıram. Ümumiyyətlə, Türkiyə ilə Azərbaycan demək olar ki, bir ölkədir.

– Türkiyədə uşaq futbolunun vəziyyətini görmüsən, buradakı mühitlə də tanışsan. Futbolçu yetişdirməklə bağlı arada nə kimi fərqlər var?

– Biz U-12 və U-13-də oynayanda belə istər Antalyada, istərsə də ölkə xaricində turnirlərə qatılırdıq. Biz belə turnirlərdə böyük klubların aşağı yaş qruplarından ibarət komandalarına qarşı oynayanda özümüzü daha fərqli hiss edirdik. Azərbaycanda vəziyyətin necə olduğunu deyə bilmərəm, amma Türkiyədə klublar uşaqlarını belə turnirlərdə yetişdirir. Mən xatırlayıram, biz Antalyada “Milan” və “Çelsi”nin yeniyetmələrdən ibarət komandalarına qarşı oynamışıq. Hə, xatırlayıram, həmin turnirdə “Qəbələ” də var idi. Belə turnirlərdə atmosfer fərqli olur.

– Bəs məşqçilərin orada uşaqlara münasibəti necədir? Yeniyetmə futbolçu ilə dil tapa bilirlər, onlara doğru istiqamət verirlər?

– Məncə, arada böyük səviyyə fərqi yoxdur. Həm burada, həm orada uşaq məşqçiləri gələcəyin futbolçularını yetişdirmək üçün əlindən gələni edir. Məsələn, Türkiyədə məşqçilər uşaqlara oyunların videoyazısını göstərib epizodları başa salır. Amma yenə də əvvəlki söhbətə qayıtmaq istəyirəm, arada fərq sadəcə, Türkiyə klublarının daha çox turnirə qatılmasında ola bilər.

d7b431b1168758442199326656311086142 - Futbolinfo.az

– Türkiyə futbolunda heç vaxt azarkeş problemi olmayıb. 1960, 70, 80-ci illərdə nəticələr indiki kimi yaxşı olmayanda da tribunalar ağzına qədər dolu olurdu. Biz də demək olar ki, eyni soydan gəlirik. Amma burada insanlar stadionlara axışmır. Xüsusən də Bakıda vəziyyət daha da acınacaqlıdır. Niyə belədir?

– Mən bunu Türkiyənin daha böyük ölkə olması ilə əlaqələndirirəm. Necə də olmasa, 85-90 milyonluq ölkədən danışırıq. Azərbaycanda isə 10 milyon əhali var. Amma burada da futbolu çox sevirlər, komandasına bağlı olan azarkeşlər var. Bundan başqa, Azərbaycanda bir çox komandanın tarixi uzaq keçmişə gedib çıxmır. Yeni yaradılanların sayı çoxdur. Türkiyədə 100 illik komandalar var. Həvəskarlar Liqasına qədər düşən “Əskişəhərspor” komandası var ki, onun oyununda stadionda anşlaq olur.

– Amma “Neftçi”nin də yaşı çoxduir. Hər halda, 1937-ci ildə qurulan komandadan danışırıq. Buna baxmayaraq, oyunlarına az adam gəlir. Buna nə ad verək?

– Nə deyim, üzüçü bir vəziyyətdir. Deyiləsi bir söz yoxdur.Azarkeşinin tribunalarda çoxalması üçün “Neftçi” də uğurlu çıxış etməlidir.

– Mən də elə onu deyirdim ki, Türkiyədə komandanın uğur qazanıb-qazanmaması azarkeşlərin arenaya gəlib-gəlməməsinə təsir göstərmir.

– Amma orada da bir pis cəhət var ki, uğursuzluq olanda da qanqaraçılıq olur, aləmi bir-birinə qatırlar.

– Eyni soy mövzusunu davam etdirək. Yəqin, xəbərin var ki, özbək qardaşlarımızın nümayəndəsi Abdulkodir Xusanov “Mançester Siti”yə keçdi. Halbuki, Özbəkistan futbolunun sovet dövründə maksimumu “Paxtakor” olub ki, onun da böyük uğurları olmayıb. Bununla yanaşı, Özbəkistan Asiya ölkəsidir, Avropaya yolları açılmayıb. Necə olur onlardan “Siti”yə qədər gedən olur, amma sənin burada gördüyün azərbaycanlı futbolçular çox qabağa gedə bilmir.

– Çox məyusedici haldır. Gördüyünüz kimi, Avropa ölkəsi olmaya-olmaya Özbəkistan böyük kluba oyunçu göndərir. Mən də bunu görəndə özümü pis hiss edirəm. Əslində, burada futbolçular da günahkardır. Onlar öz üzərində işləməlidir. Hər şeyi klubların və ya onun rəhbərliyinin üstünə atmaq lazım deyil. Hər bir futbolçu meydana çıxdığı oyunlarda özünü yaxşı tərəfdən göstərməlidir. Burada 50 faiz klubda günah varsa, 50 faiz futbolçudur günahkar.

– Yəqin məlumatın var ki, Şota Arveladze “Trabzonspor”da oynayarkən “Ayaks”dan təklif alanda Amsterdam klubunun ona daha az maaş verdiyini bildiyi halda Amsterdama köçdü. Fikirləşdi ki, orada daha çox inkişaf edə bilərəm. Gəl, qəbul edək ki, bizimkilər üçün əsas puldur, kənarda inkişaf yox. Evdə daha çox qazanıram deyə Avropaya can atmır…

– İnanın, Türkiyədə də belədir. Hamı çox qazanmaq istəyir, amma pulun yanında karyeran da olmalıdır. Ölkəni kənarda təmsil etmək daha gözəl hissdir. Fikrinizlə tamamilə razıyam.

– Amma türk futbolçuları Avropada görə bilirik. Arda Güler “Real”da, Hakan Çalhanoğlu “İnter”də… Doğrudur, bəzi türk futbolçular Almaniya futbol məktəbinin yetirməsidir, amma hər halda…

– Elə də var, belə də var. Amma ümumi götürsək, Türkiyədən Almaniyaya bir oyunçu gedir, o özünü orada sübut edir və almanların dillərinə belə bir söz düşür: “türk futbolçular burada yaxşı oynayır”.  Məsələn, Arda Turan və ya Arda Güler İspaniyada özünü yaxşı tərəfdən göstərəndə, artıq Avropada bizim futbolçulara tələbat artır.  Adi bir nümunə gətirim: Zeki Çelik Türkiyənin o vaxtkı PTT Liqasında çıxış edən klubdan “Lill”ə üz tutdu. Azərbaycandan oyunçular Avropaya gedib özünü doğrultsa, müştərilər bura da nəzər salacaq.  O vaxt “Neftçi”dəki komanda yoldaşım Anton Krivatsyuk Polşaya yollananda mən çox sevinmişdim. Bu, bizim yolumuzu da açacaq.

– “Neftçi”dən sənə təklif necə gəldi?

– U-21 millimizin heyətində Fransadan olan yaşıdlarımıza qarşı Sumqayıtda olan oyunda yaxşı çıxış etmişdim. Həmin oyun mənim üçün Azərbaycanda meydana çıxdığım ilk oyun idi. Nəticədə “Neftçi”nin diqqətini çəkmişdim.  Matçdan bir gün sonra mənimlə əlaqə saxlamışdılar. Mən də araşdırdıqdan sonra təklifi qəbul etdim.

mert celik - Futbolinfo.az

– Bəs U-21-ə səni kim çağırmışdı?

– Məni AFFA-dan aradılar. Amma bilmirəm, məni kim birinci görüb bəyənib?! Bəlkə də kiminsə diqqətini çəkmişəm, xəbərim yoxdur. Onu da deyim ki, qarşımda iki seçim var idi: Türkiyə U-21-i və Azərbaycan U-21-i. Fikirləşdim ki, Türkiyədə heyətə düşmək mənim üçün çətin olar. Karyeram üçün Azərbaycan variantını seçdim.  Amma Türkiyənin U-19-da oynamışam. Sizi inandırım, “Başakşəhər”in aşağı yaş qruplarından ibarət komandasında oynayanda ətrafımdakı oyunçularla söhbət edəndə demişdim ki, ürəyimə damıb bir gün olacaq, Azərbaycan millisini seçəcəyəm. Bunu tam səmimiyyətimlə söyləyirəm. Elə də oldu.

– “Neftçi” karyeranın uğurlu alındığını düşünürsən?

– Əlbəttə. Hər halda, mən bu komanda ilə çempion oldum. Sadəcə, “Neftçi”dən getməyimə bir nəfər səbəb oldu. Söhbət sabiq baş məşqçi Laurentsiu Reqekampfdan gedir. Onunla anlaşa bilmədik.  Qərarına hörmət edirəm, amma o məni “Neftçi”də saxlamadı.

– “Neftçi”dən sonra “Bandırmaspor”da oynadın, amma orada da çox qərarlaşa bilmədin…

– Ora icarə əsasında yollanmışdım, amma Türkiyədə icarədə oynayan oyunçulara elə də yaxşı baxmırlar. Əslində, onlar məni tam almaq istəyirdi, “Başakşəhər” icarəyə verdi. Əslində, mən ora getmək istəmirdim. Bir az bu komandaya köklənə bilmədim. Mənim də səhvlərim var idi. Fikirləşdim ki, daha yaxşı təkliflər alaram.

– “Neftçi”dəki oyunlarını yada salanda yada düşən oyunlardan bəlkə də birincisi “Olimpiakos”la Pireydəki matçdır. Rəqib azlıqda olarkən sən də qırmızı vərəqə aldın. Yadına düşəndə nə hisslər keçirirsən?

– Bu, həmişə ağlımdadır. Mən topu uzaqlaşdırmaq istəyirdim, sadəcə, ehtiyatsızlıqdan ayağım rəqibə tuş gəldi. Çox üzülmüşdüm. Biz çox yaxşı oynayırdıq. İnanın, qırmızı vərəqə almasaydım, biz oradan ən azı heç-heçə ilə qayıdacaqdıq. Amma Samir Abasov mənə dəstək verdi.

– U-21 millimizdəki çıxışını xatırladın, qayıdaq o mövzuya. Səncə, bizim gənclərdən ibarət milli komanda niyə belə bərbad nəticələrlə yadda qalır?

– Futbolçular öz çempionatında meydanda çox vaxt keçirməlidir. Mən indi kimisə qınamaq istəmirəm. Hamı yaxşı oynamaq və qalib gəlmək istəyir, amma meydana az çıxırsansa, nəsə əldə etmək şansın azalır. Oynamasan, işin çətindir.

– Deyirsən şans qazanmırlar. Bəs çempionatda limit ləğv olunsa, bizimkilərin taleyi necə olacaq?

– Yaxşısı budur, mən bu haqda heç nə deməyim. Mən futbolçuyam. Qoy, rəhbər şəxslər nəyi doğru hesab edirlərsə, o qərarı da versinlər.

– Amma belə bir fikir də var ki, limit ləğv olunsa, yerli futbolçular legionerlərlə rəqabət aparar, bərkiyər, inkişaf edər. Səncə, bizim oyunçular legionerlərlə rəqabət apara bilər?

– Biz heç kimdən əskik deyilik. Hamımızın iki əli, iki ayağı və iki gözü var. Heç bir legioner bizdən artıq deyil. Yaxşı olan oynayacaq. Çox çalışacaq və şansını qazanacaqsan. Biz sadəcə meydanda doğru olanı etməliyik. Ümid edirəm ki, doğru qərar qəbul edəcəklər.

– “Səbail”dəki gələcəyinlə bağlı nə fikirləşirsən?

– Komandada heç kimi müqavilənin müddəti düşündürmür. Çünki biz sonuncu sıranı tutmayacağıq. Axırıncı yer bizim yer deyil. Vəziyyətdən çıxacağımıza əminik. Hər oyunda qələbə haqda fikirləşirik. Amma ümumi götürəndə, mən burada qalmaq istəyirəm. Bura çox gözəl yerdir. “Səbail”də hamımız ailə kimiyik.

mert celik - Futbolinfo.az

– Bəs komanda niyə bu vəziyyətə düşdü?

– Bizim də öz səhvlərimiz var. Çox yersiz xallar itirdik. Təcrübəsizlik öz rolunu oynadı. Zədələri də unutmayaq.

– Kitab oxumaqla aran necədir?

– Əvvəllər çox oxuyurdum. Bir az elə bil yadırğamışam.

– Türkiyədə vəziyyət necədir? Orada da futbolçuların kitaba səhlənkar münasibəti var?

– Türkiyədə kitab oxuyan futbolçulara çox rast gəlməmişəm. Ola bilər gizli oxuyurlar, amma belə aşkar şəkildə mütaliə edənlər azdır. Burada mənim ətrafımda Rüfət Abdullazadənin çox kitab oxuduğunu görmüşəm. Bir yerdə nə qədər kitab oxumuşuq.  Mən elmi-nəzəri kitablara çox üstünlük vermişəm. Bəşəriyyətin gələcəyini nə gözləyir, futuroloji nəzəriyyələr və s…

TAHİR MİRZƏ

Shares: