“Turan Tovuz”un qapıçısı İvan Konovalov Rusiya mediasına müsahibəsində Azərbaycan futbolu barədə danışıb. 30 yaşlı legioner “Matç TV”nin fərqli mövzularda suallarını cavablandırıb.
Konovalov Misli Premyer Liqasının çətin olduğunu deyib: “10 komandanın hamısı bir-birindən xal ala bilər. Azərbaycan futbolunun flaqmanı “Qarabağ”dır, çempionluğa əsas namizəddir. “Neftçi” də var, amma çempionata pis başlayıblar. “Turan Tovuz”un liderlər qrupunda olması kmsəni təəccübləndirməməlidir. Axı, Kurban Berdıyev hətta dünyanın 100 ən yaxşı məşqçisinin reytinqində olub. Onun səmərəli işi, komandamızla bölüşdüyü əvəzsiz təcrübəsi var. Bu, bizə yaxşı çıxış etməyə imkan verir”.
Qapıçını Bakının küləyi təəccübləndirib: “Axı, mən Şotlandiyada oynamışam. Mən ora gedəndə özümü zehni olaraq hazırlayırdım ki, bu, Dumanlı Albiondur və Britaniya adalarında çox küləkli olacaq. Bəli, külək var. Amma o, Bakıdakı kimi dəlivari deyil! Mən, ümumiyyətlə təəccübləndim. Çöldə on dərəcə isti var, amma belə küləkdə adama elə gəlir ki, temperatur əslində sıfırın altındadır. Xüsusilə qışda. Noyabrdan bəri çox soyuqdur. Bilməyəndə təəccübləndim ki, niyə burada, noyabrın 15 dərəcə istisində insanlar qış gödəkçələri geyinirlər. Sonra özün küçəyə çıxanda deyirsən ki, gərək isti geyinərdim”.
Konovalov ölkəmizdəki infrastruktura heyran qalıb: “Çoxlu yeni stadion tikilib və başqaları da tikilməkdədir. Üstəlik meydançalara keyfiyyətli yanaşma var. Sintetik olsa belə, çox yaxşıdır. Müqayisə üçün deyim ki, mən Qazaxıstanda oynayanda orada elə meydançalar vardı ki, sadəcə, mənfi mənada heyrətlənirdim… Amma burada inkişafı görmək olar. Həmin “Qarabağ” üç stadionda oynayır və bu arenaların hamısının mükəmməl meydançaları var. Orada oynamaq xoşdur”.