“Gənclər” komandasının iki təcrübəli oyunçusu işimizi çətinləşdirdi.

Futbolinfo.az xəbər verir ki, bunu MOİK-in baş məşqçisi Cavid Süleymanov Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında Yüksək Liqanın 7-ci turunda qarşılaşdıqları “Gənclər” komandası ilə oyun haqqında deyib.

Mütəxəssis qələbə qazanmalarına rəğmən, görüşün çox gərgin keçdiyini vurğulayıb:

“Gənclər” komandasına qarşı gərgin oyun oldu. Çempionatın gənclərdən təşkil olunmuş iki komandasının qarşılaşması həqiqətən də çox maraqlı keçdi. Artıq iki aydır ki, çempionat davam edir. Fikrimcə, bu, ən maraqlı qarşılaşmalardan biri oldu. Qələbə qazandıq, amma “Gənclər” komandası həqiqətən çox gözəl oyun göstərdi. Rəqibin iki təcrübəli oyunçusu işimizi çətinləşdirdi. İnanıram ki, bu gün gənc oyunçulardan formalaşan hər iki kollektivdə yer alan voleybolçular yaxın illərdə əsas millidə çıxış edəcəklər”.

O, çempionatda ümumi mübarizəni dəyərləndirib:

“Ümumilikdə çempionat çox maraqlı keçir. Düşünürəm ki, “Azərreyl” yarışın surpriz komandasıdır, “Neftçi” də son oyunlarda məğlub olmasına baxmayaraq, ən təhlükəli rəqibdir. “Xilasedici” və “Murov Az Terminal” isə yarışın favoritləridirlər. Fikrimcə, pley-offda oyunlar daha maraqlı olacaq”.

Qeyd edək ki, Sumqayıt Olimpiya İdman Kompleksində baş tutan görüşdə MOİK “Gənclər”ə 3:2 hesabı ilə qalib gəlib.

Shares: