“Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsindəki uğursuz çıxışı FCSB ilə oyunda da davam etdi. Rumıniya klubu ilə matçdan öncə təmsilçimizdən qələbəyə gözləyənlər də var idi, bunu bacarmayacağımızı düşünənlər də. Zaman ikincilərin haqlı olduğunu üzə çıxartdı.
Liqa mərhələsinə heç cür alışa bilməyən “Qarabağ” əsas “qol silahı” Olavio Juninyonun gedişindən sonra bir qədər də zəifləmişdi. “Sambaçı”nın ayrılığından sonrakı ilk avrokubok matçında hücumun sivri ucunda Nəriman Axundzadə yer almışdı. Diqqətçəkən digər məqam isə baş məşqçi Qurban Qurbanovun qapı xəttində Fabian Buntiçə şans verməsi idi.
Əslində, hər şey “Qarabağ” üçün əla başladı. Artıq 1-ci dəqiqədə təmsilçimiz hesabı açmağı bacardı. Mateus Silvanın autdan ötürməsindən sonra Nəriman topu sinəsi ilə Leandronun önünə atdı. O isə ustalığı sayəsində cərimə meydançasına daxil olaraq sol ayağı ilə topu qapıdan keçirdi.
Təəssüf ki, “Qarabağ”ın hesabdakı üstünlüyü cəmi 6 dəqiqə çəkdi. “Köhlən atlılar”ı yaxşı təhlil edən rumınlar künc zərbəsindən sonra status-kvonu bərpa etdilər. Fərqlənən futbolçu isə başla qol vuran Şut oldu. Həmin epizodda Şutun nəyə görə boş, nəzarətsiz qalmasının səbəbini Qurban Qurbanov tapmalıdır.
Fasiləyə doğru “Qarabağ” təzyiqi artırdı. Nəticədə 41-ci dəqiqədə Ağdam təmsilçisi yenidən hesabda önə keçdi. Hücuma qoşulmuş Elvin Cəfərquliyevin cərimə meydançası daxilinə ötürməsinin qarşısını kəsmək istəyən Nqezana avtoqol müəllifi oldu.
Artıq düşünmək olardı ki, ilk hissə çempionumuzun üstünlüyü ilə nəticələnəcək. Ancaq “Qarabağ” bunu bacarmadı. 45+4-cü dəqiqədə qonaqların ifasında növbəti korner qapımıza vurulan qolla nəticələndi. Bu dəfə Mikulesku cərimə meydançasında “Qarabağ”ın bütün futbolçularının diqqətindən yayındı və bundan maksimum faydalandı.
İkinci hissəyə istəkli başlayan “Qarabağ” yenidən təzyiqi artırdı. Komandamızın heyətində yenə ən çox Elvin fəal idi. Cəfərquliyevin cinah reydləri və ötürmələri rəqib qapısı önündə həyəcan yaradırdı. Epizodların birində Elvinin ifasında cərimə zərbəsi təhlükəli alınsa da, top toru çöldən silkələdi. Ardınca isə Cəfərquliyevin ötürməsini əlverişli mövqedə dayanan Aleksey Kaşuk dəqiq tamamlaya bilmədi. Ümumiyyətlə, Kaşukun avrokuboklardakı zəif çıxışı artıq neçənci oyundur ki, təsdiqini tapir. Ukraynalı yarımmüdafiəçi çempionat matçlarında qollar və məhsuldar ötürmələrlə yadda qalsa da, bu çıxışını beynəlxalq görüşlərdə təkrarlaya bilmir. Avropa Liqası oyunlarında Kaşukda özgüvən və soyuqqanlılıq çatışmır.
Adəti üzrə qol epizodlarını sağa-sola xərcləyən “Qarabağ” yenə bunun acısını çəkdi. Futbolun “vurmayana vurarlar” prinsipi bu dəfə də işə düşdü. Təəccüblü və acınacaqlı hal həm də ondan ibarətdir ki, komandamız 3-cü qolu da künc zərbəsindən sonra buraxdı. Korner zamanı əvvəlcə Buntiç çıxışda səhvə yol verdi, epizodun davamında səhv etmək növbəsi Nərimana çatdı. Belə ki, Şut məhz ondan hündürə tullanaraq başla qapıya zərbə vurdu. Qapı xəttindən topu çıxarmaq istəyən Marko Yankoviçin isə başla toxunuşu bunun üçün yetərli olmadı.
Bu qol “Qarabağ”ı ruhdan saldı. Təsadüfi deyil ki, qalan dəqiqələrdə təmsilçimizin ifasında real qol vəziyyəti izləmədik. Nəticədə hakimin final fiti “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində növbəti məğlubiyyətini rəsmiləşdirdi.
“Qarabağ” bu mərhələdə cızdığı qrafikdən heç cür çıxa bilmir. Hər oyunda eyni ssenarinin şahidi oluruq. Komandamız oyun baxımından rəqiblərindən geri qalmır, hətta əksər görüşlərdə üstün təsir bağışlayır, ancaq yekunda qeydə alınan nəticə bizim üçün ürəkaçan olmur.
Qurban Qurbanov da fərqindədir ki, “Qarabağ”da dəyişikliklərə ehtiyac var. İlk növbədə, heyət gücləndirilməlidir. Juninyonun yerini doldurmaq üçün səviyyəli legionerə ehtiyac var. Digər mövqelərə də mütləq şəkildə əl gəzdirilməlidir. Çünki hazırkı heyətin bəzi üzvləri “Qarabağ” üçün artıq edə biləcəklərini ediblər, onlardan bundan artığını gözləməyə dəyməz. Çünki potensialları və ustalıq səviyyələri buna imkan vermir.
İkincisi, Qurban Qurbanov da komandanın oyun üslubuna yeniliklər qatmalıdır. Ötən mövsüm “Braqa” və “Bayer”lə matçlardan sonra artıq avrokuboklardakı bütün rəqiblər “Qarabağ”ı daha dərindən analiz edirlər. Bu isə “köhlən atlılar”ın oyun sisteminə fərqli elementlərin, yeni çalarların qatılmasını zəruri edir. “Qarabağ”ın ənənəvi oyun tərzindən çıxmalı olduğunu demirik. Sadəcə, komanda öz dəst-xəttinə yeniliklər qatmalıdır. Bundan əlavə, illərdir davam edən zəif tərəflər, çatışmazlıqlar aradan qaldırılmalıdır. Bir matçda künc zərbəsindən 3 qol buraxmaq da bunu labüd edən məqamlardandır.
FƏRİD