“Kəpəz”in problemləri bitmək üzrədir. Klubu himayəsinə götürənlər güclü komanda formalaşdırmağı qarşısına məqsəd qoyub.

Futbolinfo.az xəbər verir ki, yeni idarəçilərin komandaya hazırkı yanaşması onların gələcək planlarının xəbərçisidir. Onlar Gəncə təmsilçisinə ciddi maliyyə yardımı edir. Heyətin gücləndirilməsi, klubun qayğısına qalınması niyyətin ciddiliyindən xəbər verir.

Təsadüfi deyil, “Kəpəz”in futbolçuları mövsümün ikinci yarısının ilk turundakı qələbəyə görə yaxşıca mükafatlandırılıb. “Turan Tovuz”un məğlub edilməsi hərəyə 2000 manat qazandırıb. Növbəti turun “Səbail”lə oyunu üçün bundan da artıq mükafat vəd edilib. “Dənizçilər” komandanın Premyer Liqada qalmaq yarışında birbaşa rəqibi olduğundan, futbolçuların belə stimullaşdırılması başadüşüləndir.

Gəncəlilərin yeni sponsoru neft-qaz sektorunda fəaliyyət göstərən şirkətdir. Konkret adın çəkilməməsi, gizlilyin qorunması daha çox ehtiyatdan atılan addımdır. Belə ki, “Kəpəz” hazırda təhlükəli mövqedədir və elitada qalmaq təmin olunmayıb. Komanda yalnız Premyer Liqada yola davam edəcəyi təqdirdə yeni idarəçilər ön plana çıxacaq. Bunun üçün isə kifayət qədər yaxşı mükafatla təmin olunan futbolçular qələbələri sıralamalı, autsayderlər qrupundan uzaqlaşmalıdır.

Shares: