Azərbaycan yığmasının sabiq baş məşqçisi Şahin Diniyevin futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində Bakıda Rumıniyanın FCSB klubuna məğlubiyyəti haqda nə deyə bilərsiniz? Oyundan xal və ya xallarla ayrılmaq üçün nə çatışmadı?

– Bu görüş “Qarabağ” üçün ilk “24-lüy”ə düşmək baxımından sonuncu şans idi. Az da olsa, riyazı şans qalmışdı. Amma təmsilçimiz istəyinə nail ola bilmədi. Səbəblər çoxdur, onları “Qarabağ”ın baş məşqçisi və rəhbərliyi də deyir. Əvvəla onu qeyd edim ki, komandada iki səviyyəli, qol duyumu olan, rəqibin müdafiəçiləri və qapıçısına həmişə təzyiq yaşadan, ön xətdə daim təhlükə yarada bilən futbolçu var idi ki, onlardan biri “Flamenqo”ya keçən Olavio Juninyo idi, digəri isə üzrlü səbəbdən matçı buraxan Yassin Benziadır. Onların yoxluğu böyük problemlər yaratdı, sonluqlar çatışmırdı. Sanki “Qarabağ” rəqibin cərimə meydançasına qədər gələndən sonra nə edəcəyini bilmirdi. Keyfiyyət məsələsi var. Oyunçular keyfiyyət və soyuqqanlılığın çatışmaması üzündən son nöqtəni qoya bilmirdilər. Həm də müdafiədə boşluqlar verirdik. Rəqibin standart vəziyyətlərdən başqa da epizodları oldu. Hücuma çox aludə olanda bunlar qaçılmazdır. “Qarabağ” qarşısına daha hücumameylli futbol oynamaq məqsədi qoyub. Bu sarıdan komandanı qınamaq olmaz. Əgər irəlidə çoxalırsansa, mütləq arxa xətdə azalacaqsan və o səhvlər olacaq.

– “Qarabağ”ın Avropa Liqasının Liqa mərhələsində çıxışı ümumilikdə uğursuz alındı. Bunun başlıca səbəbləri hansılardır?

– Liqa mərhələsindəki çıxışın uğursuz alınması böyük faciə deyil. Başa düşürəm, “24-lüy”ə düşsəydilər, daha artıq oyun keçirmək şansı qazanacaqdılar. Bu mənada, komandanın motivasiyasının bir az düşəcəyi görünür. Ancaq fikirləşirəm ki, həm rəhbərlik, həm də məşqçilər buna imkan verməyəcəklər. “Qarabağ”da dəyişmələr gedir. Qışda yaxşı futbolçunun cəlb olunması çox çətindir. Düşünürəm ki, may ayından sonra daha yaxşı futbolçular tapa biləcəklər. Sadəcə, Liqa mərhələsində 7 oyunun 6-da məğlub olmaq adamı faktlarla qabaq-qabağa qoyur. Halbuki qalib gəldikləri matçda məğlubiyyətə daha yaxın idilər. Ancaq uduzduqları 6 görüşdə məğlubiyyətə layiq deyildilər. Həmin matçlarda oyun baxımından qələbəyə daha yaxın olsalar da, yekun nəticə ürəkaçan olmadı.

– Hiss olunur ki, Avropa komandaları da artıq “Qarabağ”ı dərindən təhlil edirlər. Bu, komandanın oyun keyfiyyətinə əlavə elementlər qatmağı labüd etmir?

– Bəli, bu gün Avropa futbolunda təhlillərin üzərində daha çox dayanırlar. Rəqibləri “Qarabağ”ın hara qədər, necə hücum etməsini öyrənirlər və buna kilid, açar tapa bilirlər.

– Sizcə, “Qarabağ” Juninyonun yerini doldura biləcək?

– Real danışaq ki, Juninyo axır 2-3 ayda artıq “Qarabağ”da deyildi. Ona təkliflər gələndən sonra əvvəlki oyununu göstərmirdi. Düzdür, Avropa Liqasında Liqa mərhələsinə qədər və daxili çempionatda yaxşı çıxış etdi. Lakin təkliflərdən sonra motivasiyadan düşmüşdü, ürəyi “Qarabağ”la deyildi. Düşünürəm ki, “Qarabağ” Juninyodan da yaxşı hücumçu tapacaq və daha yaxşı olacaq.

FƏRİD

Shares: