“Səbail” mövsümün ilk yarısında qazandığı qələbə qədərini 2025-ci ildəki 2 oyunda qazanıb. Və bu, “dənizçilər”ə son pillədən qurtulmağa imkan verib.

Xüsusilə dünənki matçın nəticəsi bakılıları son pillədə “möhkəmlənməkdən” qurtardı. “Kəpəz” qalib gəlsəydi, həm xal, həm psixoloji üstünlük əldə edəcəkdi. Lakin “Səbail” ardıcıl ikinci matçda qol buraxmadan qalib gəldi. Cavid Hüseynovun gəlişindən sonra yetirmələri qol vura bilmirdisə, indi qapısını toxunulmaz saxlamağı ənənəyə çevirib.

“Səbail” dünən rəqibindən aşkar üstün oynamadı. Sadəcə, komanda bacib qolu vaxtında vurdu, ardınca isə qapıçısı fantastik syvlərlə yadda qaldı. Hazırda “Kəpəz” rəqibindən bir xal geridədir, lakin mövsümün qalan hissəsi daha rəqabətli keçəcək. Hətta autsayderlər qrupunun tərkibi genişlənə bilər. “Neftçi” yəqn ki, zirzəmidən uzaqlaşa biləcək, amma “Şamaxı”nın vəziyyəti getdikcə pisləşir. Autsayderlərdən biri 2025-ə 6, digəri 3 xalla başlayıb və bu, aradakı fərqin əriməsinə səbəb olub.

Düzdür, “Şamaxı” hələlik liderlərlə qarşılaşır və məğlubiyyəti hardasa gözləniləndi. Lakin komandanın feriləməsi faktdır. Ayxan Abbasov yetirmələrinə yaxşı, mübariz futbol oynadır, bu isə xal vermir. Bölgə təmsilçisi tezliklə yaxşı oyunu yaxşı nəticəyə çevirməlidir ki, rahatlaşsın.

Heç-heçə sayında hamını geridə qoyan “Sabah” xal itkiləri ilə rəqiblərinin işini asanlaşdırır. Bu gedişlə avrokuboka vəsiqə xəyalları puç olacaq. Zaman göstərir ki, Vasili Berzutskinin perspektivinə, iş bacarığına şübhə etməkdə yanılmamışıq. Rusiyalı mütəxəssisin mətbuat konfransında dedikləri tipik məşqçi nağılıdır. Epizod yaratmaq qəhrəmanlıq deyil, qələbə üçün həqiqətən güclü olmalısan. “Sabah” isə zəngin heyəti gücə çevirməyi bacarmayıb. Hazırkı komanda Berezutskinin qış fasiləsində təlim keçdiyi kollektivdir. Onun əl işini isə görmürük.

Dünənki “Sumqayıt” darmadağın edilməyə hazır komanda idi. Heyət gedənlər üzündən zəifləyib, bu azmış kimi ciddi itkilər üzündən meydanda bir neçə gənci, hətta debütantları gördük. Amma Vaqif Cavadov onları düzgün oynadaraq xal qazanmağı, legioner məşqçiyə dərs verməyi bacardı. Hazırkı durumuna görə autsayder qrupuna yuvarlanmalı olan “Sumqayıt” zəngin büdcə ilə avrokubok arzusunda olan “Sabah”dan səfərdə xal alırsa, Berezutski papağını qarşısına qoyub düşünməlidir.

Əsas rəqiblərindən biri heç-heçələri sıraladığı zamanda “Zirə” ardıcıl qələbələr qazanır. Rəşad Sadıqov balanslı heyət qurub və şansını riskə atmır. Qəsəbə təmsilçisi yenidən 2-ci pilləyə yüksəlməyə köklənib. “Qartallar” “Sabah”dan 8 xal önə keçib, avrokubok arzusunu reallaşdırmaq üçün ümidini kuboka bağlamır. Düzdür, Şamaxı səfərində meydan sahibləri daha üstün təsir bağışladı, amma sırf nəticəyə köklənən qonaqlar vacib qolları vurmağı bacardı.

Bu gün baş tutacaq oyunlardan turnir cədvəlində vəziyyət bir qədər də qarışa bilər. “Araz-Naxçıvan”la “Turan Tovuz” qələbəsizlik seriyasını qırmasa, avrokuboka vəsiqə yarışı daha da rənglənəcək. Qərblilər bu mövsüm 4 xal aldığı “Qarabağ”la, naxçıvanlılar isə heç cür özünə gələ bilməyən “Neftçi”ylə matçda vəziyyətni yaxşılaşdırmağa çalışacaq.

FƏRİD

Shares: