“Neftçi”nin baş məşqçisi Samir Abasov Misli Premyer Liqasının 20-ci turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri səfər oyunundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, o, 1:2 hesabı ilə məğlub olduqları matçdan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Birinci hissədənə tamamilə narazı qaldım. Birinci hissədə heyəti quranda fikirlərimiz o idi ki, hücum etməkdə problemlərimiz var. Kreativ nələrsə etmək alınmır. Bacarıqsızlıq deyim, nə deyim, bilmirəm. Bu problemlər üzə çıxdı. Onsuz da var idi. Fikirləşdik ki, Murad kreativdir, Ramil Şeydayev də sol cinahda oynasın. Əfsuslar olsun ki, sönük oyun getdi. Birinci hissədə qapıya zərbə vura bilmədik. Bu da narazı qaldığımız məqamlardır. İkinci hissədə bunları dəyişməyə çalışdıq. Daha çox hücum etmək tapşırığı verdik. Alındı. Epizodlar da oldu. Amma qollar olmadı. Robert Bauer durduğu yerdə topu kornerə çıxardı. Bu cür təcrübəli oyunçular belə şeylər edir. Standart vəziyyətdən qol buraxdıq. Nələrisə dəyişə bilmirdik. Ümidimiz ikinci hissədəki dəyişikliklərə qalmışdı. İmkan olsa idi, 5-ci dəyişikliyi də edərdik. Problemlərimiz, çətinliklərimiz var. Nədən irəli gəldiyini bilirəm. Amma çözməkdə çətinlik çəkirik. Transfer pəncərəsinin bağlanmasına qədər vaxtımız var. Ümid edirəm ki, danışdığımız oyunçuları gətirərik, bəlkə nələrisə dəyişərik. Kubok oyunumuz var. Bizim üçün çox önəmlidir. Ona hazırlaşacağıq. Tam gücümüzü kuboka verərək, orada nələrsə etməyə çalışacağıq. Rəqibi təbrik edirəm”.

Shares: