53 gün qaldı, Samir Abasov! “Neftçi”nin dirçəlib dominant futbol oynayacağı martın 22-si lap yaxındadır. Sizin baş məşqçisi olduğunuz komanda isə həmin yüksəlişin zəif siqnallarını da vermir.
Bilirəm, həmin cümləni zarafata, hətta ironiya ilə işlətmişdiz. Amma “Neftçi” sizin gülünc vəziyyətə salacağınız, gülüş obyekti edəcəyiniz komanda olmamalıdır. Gəlməmiş hər uğursuzluğuna görə köməkçilərinizin qonaqlıq verdiyi, gəldikdən sonra sizin hər həftə vəd verdiyiniz komanda daha qələbəni də unudub. 2025-də baş tutan 3 matçda cəmi 2 xal əldə edilib, dünən uduzduğunuz “Araz-Naxçıvan”dan 24, lider “Qarabağ”dan 32 xal geridəsiz, son pillədən isə sizi cəmi 4 xal ayırır.
Oyunsonrası mətbuat konfransına baxıram. Tipik Abasov gedişləridir. Yenə bəhanə qurtaran kimi oyunçulara yüklənmə başlayıb, bu dəfə Bauer qurban seçilib. Deməli, həm də rəhbərlik, bu oyunçuları transfer edənlər hədəf göstərilir. Hamı günahkardır, məşqçidən başqa?..
Halbuki dünənki məzmunsuz oyunun birbaşa günahkarı məhz Samir bəydir. Hər matçda heyətdə yersiz dəyişikliklər edən, optimal 11-lik formalaşdırmaq istəməyən çalışdırıcı təkcə ötən turla müqayisədə start heyətində 4 dəyişiklik etmişdi. Az qala hər oyunda eksperiment aparılır, sanki hava proqnozuna görə heyət seçilir. Bu gedişlə heç nə dəyişməyəcək!..
Tez-tez məşqçi dəyişdirmək uğursuzluğun əsas səbəbidir, amma ortaya normal iş qoymayan birinə zaman vermək də yersiz vaxt itkisidir. Adrian Mutunun da heç nəyi bacarmayacağı ilk gündən bəlli idi, amma postunda saxlanıldı və yekunda avrokuboka vəsiqə qazanılmadı, onun qoyduğu bünövrə xələfinin də uğursuzluğuna yol açdı. Roman Qriqorçuku “yola salanlar” indi Abasova yardım edə bilmir, “Neftçi”nin kimyası pozulub.
“Araz-Naxçıvan”da qısamüddətli eniş yaşandı. Lakin Elmar Baxşıyev ardıcıl 3 məğlubiyyətin yaratdığı gərginliyi aradan qaldıra bildi. Çünki komandanın bir oyun üslubu var, əvvəl-axır nəticə gələcəkdi. Amma “Neftçi”də xaosdan başqa heç nə yoxdur, dünənədək Belarus yığması üçün Yeqor Boqomolski “yetişdirilirdi”, naxçıvanlılarla matçın fasiləsində yada düşdü ki, Ağadadaş Salyanski də var. Onu bir hissə oynatdılar, sabah Abasov yerli gəncləri qazanmağa çalışdıqlarını desin.
Bu mövsümün də əldən getdiyini Samir bəy gözəl dərk edir. Təyin olunanda vədləri sıralayan çalıdırıcı indi çempionatı unutdurur, kubokda da uğura söz vermir: “Tam gücümüzü kuboka verərək, orada nələrsə etməyə çalışacağıq”. Nələrsə…
Martın 22-nə kimi ölkə kubokunda 1/4 final oyunları yekunlaşacaq. Bəlkə Abasov martda heç “Neftçi”nin baş məşqçisi olmadı…
FƏRİD