“Qarabağ” həmşə belə məğlubiyyətlərdən dərs alır. Bəzən futbolçular arxayınlaşıb tək ayaqla futbol oynayanda kimsə çıxıb badalaq vurur, ağdamlıları ayıldır. Əminəm ki, Avropa Liqasında son matç reallaşandan sonra Qurban Qurbanovun yetirmələri daxili yarışlara köklənib birnəfəsə çempion olacaq, hətta kuboku da götürəcək.

Lakin o dəqiqdir ki, rəqibləri “Qarabağ”a qarşı xüsusi hazırlaşanda onu büdrətməyi bacarır. Bunu hamı edə bilmir, edəndə də digər matçlara eyni motivasiya ilə yanaşmır, bəlkə də güc çatmır və ardıcıl xallar itirirlər. Elə dünən əzmkar qələbə qazanan “Turan Tovuz” kimi. Son 9 matçda cəmi 2 qələbə qazanan qərblilər xal böldüyü 5 oyunda dünənki kimi oynasaydı, zirvədə qərarlaşardı. Amma olmur, tovuzlular autsayder “Kəpəz” qarşısında darmadağın olacaq, lider “Qarabağ”ı səfərdə yenəcək qədər qeyri-sabit oynayır.

Kurban Berdıyev hələlik adaşına uduzmayıb. Hər iki səfər matçında qələbə qazanan “Turan Tovuz” evdə də heç-heçəyə razılaşıb. Rusiyalı mütəxəssis prinsipial matçlarda fərq göstərənlərdəndir. Onun yetirmələri əsas izləyicisi ilə xal fərqini 7-yə çatdırıb bir qədər rahat nəfəs aldı. Növbəti turlarda bunun davamı gətirilməyəcəksə, “Qarabağ” üzərində qələbənin önəmi qalmayacaq. “Neftçi” bərbad durumda olmasaydı, “Sabah” imkanlarına uyğun çıxış etsəydi, qərblilər indi ilk beşlikdə olmazdı. Ələ şans düşüb, bundan istifadə etmək lazımdır. Amma eyni zamanda sabitlik yaratmaq da şərtdir.

Qərblilər dünən layiqli qələbə qazandı, bununla belə, reallığı da unutmamalıdırlar. “Qarabağ” faktiki iki avrokubok oyunu aralığına düşən matça barmaqarası yanaşdı, heyətdə rotasiya edildi və bu, rəqibin işini asanlaşdırdı. Ağdamlılar tam heyətlə və yüksək motivasiya ilə oynasaydı, nəticə başqa cür olardı. Hesabı erkən açan çempion nəticəni qorumağa, vaxt öldürməyə başladığı məqamda Berdıyevin təcrübəsi və oyuna müdaxilələri işə düşdü. Şahruddin Məhəmmədəliyevin ilk qolda “özünü xatırlatması” ilə ssenari dəyişdi.

İstənilən halda, qaliblər mühakimə olunmur. “Qarabağ” isə mütləq ayılmalıdır. “Turan Tovuz”u 3 oyunda yenə bilməmək, evdə hər iki matçda uduzmaq artıq təsadüf deyil. Klub rəhbərliyi mütləq komandanı gücləndirmək barədə düşünməlidir. 2-3 cəbhədə oynamaq üçün daha çox güclü oyunçuya ehtiyac var, indiki heyət heç də qarşısıalınmaz deyil. Müdafiədə və hücumda çatışmazlıqlar aşkar görünür. İndiki heyət “Olimpiakos”la matçdan sonra çempionata köklənib titulu qazanacaq, lakin “Qarabağ”a yeni qan lazımdır. Ağdamlıların bu gün böyük fərqlə öndə olması daha çox “Neftçi” və “Sabah”ın “xidmətidir”. Sözügedən klubların oyunu imkanları ilə düz mütənasib olsaydı, hətta dünənki məğlubiyyətə rəğmən, “Qarabağ”ın çempionluğu bu qədər gözlənilən olmazdı.

AĞA

Shares: