“Turan Tovuz”un prezidenti Ehtiram Quliyev “Qarabağ”ı məğlub etdikləri (1:2) oyunundan sonra jurnalistlərə açıqlama verib.
O, komandasının səfərdə əldə etdiyi qalibiyyətin sevindirici olduğunu bildirib: “Bizi sevindirən ən vacib məqam gözəl oyunun alınmasıdır. Təbii ki, qələbəyə hər zaman sevinirik. “Qarabağ” kimi böyük komandayla oyunda alınan hər xal bizi xoşbəxt edir. İçi biz qarışıq çempionatımızdakı hər bir komanda “Qarabağ”a qarşı əlavə motivasiya ilə oynayır”.
Quliyev hazırda bütün komandaların bir-birindən xal ala bildiyini bildirib: “Sevinirik ki, bu mövsüm məğlub edə bilmədikləri yeganə komanda bizik. Bunun üçün xüsusi hazırlıq görmürük. Sadəcə, belə alınır. Bizim qalibiyyətlərimiz çempionatımızın maraqlı olmasına gətirib çıxarır. Bunun bir növ “Qarabağ”a da faydalı olduğunu düşünürəm. Rəqabət artdıqca keyfiyyətli iş əmsalı ortaya çıxır. Bu, bizə onu göstərir ki, Premyer Liqada autsayder komanda deyə bir şey yoxdur. Hər bir klub ciddi rəqibdir. İldən-ilə çempionat daha baxımlı hala gəlir”.
Klub prezidenti oyunun təşkilatçılarına və azarkeşlərə təşəkkürünü edib: “Oyun təşkilatçılarına, PFL-ə, AFFA-ya təşəkkürümü bildirirəm. Xüsusilə Hakimlər Komitəsindəki islahat vəziyyəti müsbətə doğru dəyişib. Bizi bu oyunda da yalnız qoymadığı üçün azarkeşlərimizə təşəkkür edirik. Onlar göstərdi ki, “Turan Tovuz”un yalnız yaxşı gün dostu deyillər, hər anında yanında ola bilirlər”.
Legioner limitinin ləğv olunması ilə bağlı məsələyə münasibət bildirən Quliyev ehtiyatlı yanaşmanı vacib sayır: “Legioner limitinin ləğv olunması ilə bağlı tam bir mövqe sərgiləmək doğru olmaz. Bu gün limitin ləğv edilməsini elə əsaslandıraram ki, hər kəs dəstəkləyər. Amma ləğv olunmaması üçün də səbəblər var. Biz sadəcə, müddətə etiraz edirik. Klub olaraq planlarımız, uzunmüddətli müqavilələrimiz var. Amma İcraiyyə Komitəsi dəyişməyə qərar verəcəksə, biz də ona ayaq uydurmağa çalışacağıq”.
Quliyev “Turan Tovuz”un AFFA-ya müraciəti ilə bağlı da məlumat verib: “İlyarımdan çoxdur AFFA-ya etdiyimiz müraciət var. AFFA ilə danışıqlarımız gedir. Onların da büdcələrində belə bir vəsaitin olmadığı deyilir. Biz də səmimiyyətlərinə inanırıq. Vəsait olmasa da, texniki dəstəklərini istəyək. Çünki onların təcrübələri çoxdur. Müzakirələrimiz davam edir”.
GÜNAY SÜLEYMANOVA