Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov yığmanın qapıçısı Stas Pokatilovun “Sabah”a transferini dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, rusiyalı mütəxəssis “sportnews.kz” saytına müsahibəsində 32 yaşlı qolkiperin “Tobol”u “Sabah”a dəyişməsinə münasibət bildirib.

O bildirib ki, keçid baş tutmazdan əvvəl “Sabah”ın baş məşqçisi Vasili Berezutski ilə bu barədə söhbəti olub: “Qazaxıstan millisinin futbolçularının potensialını qiymətləndirmək üçün mənə zənglər gəlib. Oyunçuların hansı mövqedə oynamaları, nələr edə biləcəkləri barədə öz fikirlərimi bildirmişəm. Məsələn, Azərbaycanın “Sabah” klubunun baş məşqçisi Vasili Berezutski zəng etdi, ona Stas Pokatilovla bağlı fikrimi dedim. Əminəm ki, Stas Azərbaycan çempionatında yaxşı çıxış edəcək və komandaya faydalı olacaq. O, özünü yeni mühitdə sınayacaq. Bu, yeni duyğular və yeni çağırış deməkdir. Əminəm ki, bu keçid inkişafına təkan verəcək. İndi Stas komanda yoldaşlarının, məşqçisinin və “Sabah” azarkeşlərinin etimadını qazanmalıdır ki, bu kluba gəlişi heç kimdə şübhə doğurmasın”.

Qeyd edək ki, Stas Pokatilov 2015-ci ildən bəri Qazaxıstan millisinin heyətində 28 oyun keçirib.

stas pokatilov - Futbolinfo.az
Shares: