“Oyun istədiyimiz kimi başladı. Ev sahibi olduğumuz üçün daha çox çalışırdıq ki, dominant tərəf biz olaq. İstədiklərimizi yerinə yetirərək qalib gəldik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail” – “Kəpəz” (1:0) oyunu haqda danışarkən “dənizçilər”in futbolçusu Süleyman Əhmədov deyib.

25 yaşlı müdafiəçi komandanın qış fasiləsindən sonra daha yaxşı oyun nümayiş etdirdiyini vurğulayıb: “Komandamıza yeni futbolçular qoşulub. Normal olaraq onların adaptasiyası bir az vaxt ala bilər. Lakin biz də əlimizdən gəldiyi qədər onlara dəstək oluruq ki, bu proses sürətlənsin. Qış təlim-məşq toplanışından bacardığımız qədər yaxşı istifadə etdik. Fasilədən sonra hər iki oyunda qələbə qazanmışıq”.

Futbolçu həmçinin baş məşqçinin taktiki göstərişlərinin komandanın inkişafında əhəmiyyətli rol oynadığını qeyd edib: “Məşqçinin verdiyi tapşırıqları maksimum şəkildə həyata keçirməyə çalışırıq. Şükür ki, nəticəsini də artıq görməyə başlayırıq. Ümid edirəm ki, ikinci yarıda daha yaxşı “Səbail” izləyəcəyik. Növbəti görüşlərdə də bu qələbələrin davamını gətirəcəyimizə inanıram”.

GÜNAY SÜLEYMANOVA

Shares: