“Qarabağ”ın qapıçısı Mateuş Koxalski UEFA Avropa Liqasındakı çıxışı ilə diqqət mərkəzindədir.

Futbolinfo.az xəbər verir ki, polşalı qolkiper turnirdə ən çox qurtarış edən qapıçılar sırasındadır.

24 yaşlı futbolçu bu mövsüm çərçivədə durduğu 5 görüşdə ümumilikdə 22 “seyv”lə yadda qalıb ki, bu göstəriciyə görə 9-cu pillədədir. Cədvələ 31 “seyv”lə Kiyev “Dinamo”sunun qapıçısı Georgi Buşan başçılıq edir.

Digər tərəfdən Koxalski ən çox qol buraxan qapıçıların sıralamasında 4-cü pillədədir. Polşalı 12 dəfə mərkəzə dəvət edilib. Təl-Əviv “Makkabi”sinin qolkiperi Roi Mişpati 16 top buraxıb ki, bu baxımdan hamını qabaqlayır.

“Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç isə turnirdə ən çox kobudluğa məruz qalan futbolçudur. Monteneqrolu 7 qarşılaşmada 28 dəfə cərimə zərbəsi ilə dayandırılıb. O, ən yaxın izləyicisi olan “Fənərbağça”nın yarımmüdafiəçisi Fredi 6 cərimə zərbəsi qabaqlayır.

Yassin Benzia isə ən çox korner yerinə yetirənlərin siyahısında yuxarı pillələrdədir. Əlcəzair millisinin üzvü 6 matçda 21 dəfə künc nöqtəsindən topu oyuna daxil olub. Benzia bu sıralamada 6-cıdır. Siyahıya 29 kornerlə “Real Sosyedad”lı Brais Mendes başçılıq edir.

O ki qaldı komanda göstəricilərinə, “Qarabağ” Liqa mərhələsində ən çox məğlubiyyət görən iki klubdan biridir. Azərbaycan çempionu və Ukrayna təmsilçisi “Dinamo” 6 dəfə meydanı məğlub tərk edib. Ağdamlılar topa sahib olmada isə 6-cı yerdədir. Komanda orta hesabla hər matçda 54,1 faizlik göstəriciyə imza atıblar.

“Qarabağ” ən çox cərimə zərbəsi qazanan ikinci kollektivdir. Qurban Qurbanovun yetirmələri 7 matçda 130 dəfə belə vəziyyətdən topu oyuna daxil ediblər. Ağdamlılar lider “Fənərbağça”dan cəmi 3 cərimə zərbəsi geri qalır.

Təmsilçimiz Kiyev “Dinamo”sundan sonra turnirdə ən çox qol buraxan ikinci komandadır. Ukraynalılar 18, “Qarabağ” isə 17 dəfə mərkəzə dəvət olunub.

Futbolçuları ən çox kobudluğa məruz qalan klubların siyahısında isə “Qarabağ” üçüncüdür. Çempionumuzun oyunçularına qarşı 106 kobudluq qeydə alınıb. Lider “Fənərbağça”nın futbolçuları isə 124 dəfə kobudluqla dayandırılıb.

Shares: